30 oktyabr 2020, 10:42

“Həyatverici Lütf” dini icmasından, Bakı, Azərbaycan

Əziz və sevimli Prezidentimiz.

İlk növbədə, torpaqlarımızı işğalçılardan azad etdiyinizə görə Sizə və şanlı Ordumuza ürəkdən minnətdarıq və bu münasibətlə təbrik edirik! Azərbaycan üçün etdiyiniz bütün işlərə və bu gün göstərdiyiniz şücaətə və qətiyyətli addımlara görə Sizə dönə-dönə təşəkkür edirik! Hər yeni xəbəri böyük səbirsizliklə və sevinclə gözləyirik.

Biz artıq neçə ildir ki, torpaqlarımızın işğaldan azad olunması üçün Uca Allaha dua və vəsatət edirik, bu gün isə Uca Yaradan dualarımızı cavabsız qoymadı. Ürəyimizin bir parçası olan torpaqlarımız düşməndən azad ediləndən indi artıq qəlbimiz tam döyünür. Uca Tanrıdan diləyirik ki, birliyimiz kamil olsun və heç bir düşmən, xain aramıza girə bilməsin. Uca Tanrı ona ehtiram edən, haqq yolunda gedən sərkərdəsinə və Orduya dəstək olub, qüvvət və cəsarət verib. Sizinlə və şanlı Ordumuzla iftixar hissi duyur, bu haqq işi uğrunda verdiyiniz qərarı tamamilə və sözsüz dəstəkləyirik. Tanrı Szə bütün işlərinizdə və görüşlərinizdə uğur və qələbə versin!

Əziz Prezidentimiz, Biz də Azərbaycan xalqının bir nümayəndəsi kimi əlimizə silah alıb düşmənlərimizi cəzalandırmağa hazırıq!

Torpaqların ərazi bütövlüyünü və ata-babaların qoyduğu sərhəd daşlarını yenidən yerinə qaytarana Allah-Təala xeyir-dua verir, bu onun sevdiyi işdir və ruhani prinsipdir və O Sizə bu işinizdə qüvvət və cəsarət verməkdə davam edəcək. Sizi dualarımızla, ürəyimizlə və qolumuzun qüvvəti ilə dəstəkləyirik. Biz Sizinləyik və Uca Tanrı bütün Azərbaycan xalqı ilədir. Siz bu gün mərdliyinizlə və cəsur ürəyinizlə çoxlarına örnək oldunuz.

Tezliklə təqvimimizdə yeni tarix, yeni bayram günü - Azərbaycan torpaqlarının işğalçılardan azad edildiyi gün qeyd olunacaq. Möhkəm əqidə ilə və qızıl hərflərlə yeni qəhrəmanlıq tarixi yazdığımızı bütün dünya biləcək!

Rəbbim Azərbaycanın bütün sərhədlərini qorusun!

Böyük məhəbbət və ehtiramla,

“Həyatverici Lütf” dini icması

Azərbaycan Respublikası, Bakı şəhəri.