İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğludan

15 oktyabr 2020, 14:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Ermənistanın Azərbaycanın Gəncə şəhərində və digər rayonlarında mülki insanlara qarşı həyata keçirdiyi mənfur hücumları dərin kədər və narahatlıq hissi ilə izləyirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi beynəlxalq və humanitar hüququn belə aşkar və qeyri-legitim şəkildə pozulması məni çox narahat edir. Bizə tariximizin ən dahi şairlərindən birini bəxş edən və adı bu Mərkəzin bütün üzvləri üçün qürur mənbəyi olan qardaş Gəncənin sakinlərinə insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 9-cu Baş katibi vəzifəsində olarkən təşkilatın bütün üzv dövlətlərini Ermənistanın təcavüzünə və işğalına qarşı lazımi tədbirlər görməyə çağırmışam, bir sıra mühüm qətnamələr qəbul etmişəm. Bu qətnamələrə əsasən, İƏT-in 57 üzv dövləti Ermənistanın təcavüzkar və işğalçı olduğunu təsdiqləyib və qəbul edib, hərbi təcavüzün qurbanlarına maliyyə və iqtisadi yardım etmək öhdəliyi götürüb, nəhayət, Azərbaycan ərazisindəki İslam dininə aid tarixi abidələrin məhv edilməsini pisləyib.

Zati-alinizin müdrik rəhbərliyi sayəsində bu gün Azərbaycan işğal altındakı torpaqlarının əhəmiyyətli hissələrini azad etməkdə davam edir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünya ictimaiyyətinin bu münaqişə ilə bağlı məlumatlandırılmasında fəal rol oynamasından qürur duyuram. Əminəm ki, Mərkəz dinamik şəbəkəsi vasitəsilə Azərbaycanın haqq işini beynəlxalq forumlarda uğurla təqdim edəcəkdir.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, davamlı və əhəmiyyətli uğurlar arzulayıram.

Dərin hörmətlə,

Ekmələddin İhsanoğlu

İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi,

Türk Elm Tarixi Cəmiyyətinin fəxri prezidenti

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü