Tahirə İbadovadan, Lənkəran, Azərbaycan
16 sentyabr 2020, 10:00
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan islahatlar, uğurlu kadr siyasəti, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə artıq öz bəhrəsini verir. Aqrar sektorda aparılan geniş islahatlar ölkə əhalisinin böyük əksəriyyətinin mənafeyinə xidmət edir. Mən özüm aqrar sektorda çalışıram və torpağın nə olduğunu yaxşı bilirəm. Bilirəm ki, torpaq qorunanda Vətəndir, əkiləndə isə Vətənin qüdrəti və basılmazlığıdır.
Oğlum Rasif Vətən uğrunda gedən döyüşlərdə şəhid olub. Mən isə öz övladlarımla Vətənin qüdrəti naminə torpaq əkmək qərarına gəldim. Texnikanın köməyinə ehtiyacım olduğuna görə Lənkəran şəhərində yerləşən aidiyyəti quruma müraciət etdim. Məni diqqətlə dinlədilər və qısa müddətdə, həm də təmənnasız kömək etdilər. Əkinə hazırlanmış torpaq sahəsinə baxanda ürəyim riqqətə gəldi, çox sevindim və Sizin “Məmur xalqın xidmətçisidir” sözləriniz yadıma düşdü.
Cənab Prezident, məmurun sadə vətəndaşlara bəslədiyi bu xoş münasibət yeni ab-havadan, cəmiyyətdə gedən müsbət dəyişikliklərdən, xalq-hakimiyyət həmrəyliyindən xəbər verir.
Allah Sizi qorusun.
Hörmətlə,
İbadova Tahirə Şirzad qızı, şəhid anası.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Cil kəndi.