Zeynəb Məmmədovadan, Şirvan, Azərbaycan
15 sentyabr 2020, 14:00
Hörmətli cənab Prezident.
Mən bütün məcburi köçkün şəhid ailələri adından Sizə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya bizə yaratdığınız şəraitə görə təşəkkür edirəm. Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Onların problemləri ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində olduğu kimi, Sizin rəhbərliyinizlə də çox uğurla həll olunur. Son illər ərzində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların rifah halının yüksəldilməsi üçün Sizin rəhbərliyinizlə həyata keçirilən tədbirlər göz önündədir. Siz bu kateqoriyadan olan insanlara daim böyük diqqət və qayğı ilə yanaşmısınız. O cümlədən Şirvan şəhərində yaşayan məcburi köçkünlər də bu diqqət və qayğıdan kənarda qalmayıb, onlar yeni tikilmiş, hər cür şəraiti olan çoxmərtəbəli yaşayış binalarından ibarət şəhərciyə köçürülüblər. Əlbəttə ki, bütün bunlar Sizin gərgin əməyiniz sayəsində ərsəyə gəlib. Buna görə Sizə minnətdarlığımı bildirirəm.
Cənab Prezident, biz şəhid ailələri əminik ki, işğal altındakı bütün torpaqlarımız Sizin rəhbərliyinizlə yağı düşmənin tapdağından azad ediləcək, şəhidlərimizin ruhu şad olacaq və Lələtəpədə dalğalanan üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün zirvələrdə ucaldılacaqdır.
Hörmətlə,
Məmmədova Zeynəb İsrafil qızı, Şirvan şəhərində məskunlaşmış məcburi köçkün şəhid ailəsi.
Azərbaycan Respublikası, Şirvan rayonu.