08 avqust 2020, 14:30

Rəcəb Hüseynovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Dünyanı bürümüş COVID-19 pandemiyasına qarşı gördüyünüz işlərə, qəbul etdiyiniz qərarlara, vətəndaşlarımızı qorumaq istiqamətində fəaliyyətinizə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk. Məhz Sizin qərarlarınız və göstərişləriniz sayəsində ilk mərhələdə virusun ölkəmizə xaricdən kütləvi idxalının və ölkə daxilində yayılmasının qarşısı əhəmiyyətli dərəcədə alındı. Bu, səhiyyə sisteminin üzərinə düşən yükü tənzimlədi və bizə hazırlıq üçün çox dəyərli vaxt qazandırdı. Sizin fəaliyyətiniz sayəsində Azərbaycanda yoluxanların sayı o qədər də yüksək olmadı və onlara lazımi tibbi yardım göstərmək mümkün oldu. Siz son çıxışlarınızda həkimlərin və tibb işçilərinin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndirirsiniz, onların insanlara kömək üçün əllərindən gələni etdiklərini söyləyirsiniz, fədakarlıqlarına, qəhrəmanlıqlarına görə həkimlərə təşəkkür bildirirsiniz. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin əməkhaqlarının dəfələrlə artırılması ilə bağlı verdiyiniz Sərəncam da dövlətimizin və şəxsən Sizin tibb işçilərinə qayğınızın təzahürüdür. Bu qayğınıza, xoş sözlərinizə, verdiyiniz dəyərə görə Sizə hədsiz minnətdarlığımızı bildiririk. Bu etimadınız bizi daha əzmlə çalışmağa, əhalinin sağlamlığının keşiyində daha həvəslə durmağa ruhlandırır. Sizə uzun ömür, möhkəm cansağlığı, gördüyünüz hər işdə böyük uğurlar, yeni-yeni qələbələr arzulayırıq.

Tibb işçiləri adından dərin hörmət və ehtiramla,

Rəcəb Hüseynov

Azərbaycan Respublikası, Şirvan şəhəri.