29 iyul 2020, 10:00

Mikayıl Zeynalovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizin möhkəm iradəniz, siyasi gücünüz və beynəlxalq təşkilatlar qarşısında tutarlı dəlillərlə erməni rəhbərlərinə verdiyiniz dərs bizə əsl qürur hissi yaşadır. Yüksək templə inkişaf edən və beynəlxalq səviyyədə nüfuzu gündən-günə artan dövlətimizin sosial- iqtisadi inkişafı ilə yanaşı milli təhlükəsizlik məsələləri, işğal altında qalmış ərazilərimizin qeyd-şərtsiz geri qaytarılması və ölkəmizin ərazi bütövlüyünün tez bir zamanda təmin olunması, Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasətin mərkəzində durur. Erməni təxribatları Sizin komandanlığınızla qəhrəman əsgərlərimiz tərəfindən məharətlə dəf edilir. İnanırıq ki, möhkəm iradəniz hesabına yaranmış xalq-iqtidar birliyinin və gecə-gündüz yorulmadan həyata keçirdiyiniz məqsədyönlü siyasətiniz nəticəsində yaxın gələcəkdə işğal altında olan ərazilərimizə Sizin rəhbərliyinizlə geri qayıdacağıq. Mən, Qarabağ müharibəsi iştirakçısı və ziyalı olaraq əlimdə tutduğum ziyalı qələmini əsgər silahına dəyişərək Vətən uğrunda müqəddəs mübarizədə daim Sizin əsgəriniz kimi döyüşə hazıram və əminəm ki, bütün Azərbaycan xalqı səbirsizliklə ərazilərimizin azad olunması yolunda Sizin yanınızda olmaqdan qürur duyur. Biz Sizə inanırıq, Sizinlə fəxr edirik və Sizinlə birlikdə güclüyük.

Hörmətlə,

Zeynalov Mikayıl Gəray oğlu

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) prorektoru, hüquq üzrə fəlsəfə doktoru, Qarabağ müharibəsi veteranı, YAP UNEC ilk ərazi təşkilatının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.