30 iyun 2020, 18:50

Valeh Hacıyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Öz dərin hörmət və ehtiramımı ifadə edərək öncə Sizi salamlayır və ən xoş arzularımı çatdırıram.

Sizin müvafiq Sərəncamınız ilə dövlət qulluğunda fərqlənənləri ali dövlət mükafatları ilə təltif etməyiniz, həmin insanların əməyinə verdiyiniz ən yüksək qiymətdir. Bu sırada mənim də olmağım və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyim böyük şərəf hissi ilə mənə əvəzolunmaz sevinc hisləri yaşatdı.

Bu təltifə görə həm özümün, həm də ailə üzvlərimin adından Sizə sonsuz təşəkkürümü bildirirəm. Bu dövlət təltifi ümumilikdə, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə verilən ən yüksək dəyər kimi qəbul edilir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, diaspor quruculuğunda da əsaslı dönüş yaranmışdır. Xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, ümummilli maraqların müdafiəsinə cəlb olunması Sizin rəhbərliyiniz ilə daha da inkişaf edərək beynəlxalq münasibətlərin vacib elementi kimi qarşımızda yeni vəzifələr qoymuşdur. Bu sahədə bundan sonra da var gücümüzlə çalışaraq qarşıdakı hədəflərə çatmağımıza səy göstərəcəyik.

Zati-aliləri, bu yüksək mükafata görə bir daha Sizə təşəkkür edir, xalqımızın rifahı naminə apardığınız gərgin və son dərəcə şərəfli işinizdə tükənməz enerji və yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Valeh Hacıyev

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası, Bakı şəhəri.