22 may 2020, 17:50

İlqar Əzimovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin ciddi nəzarətiniz altında Azərbaycan Hökuməti amansız COVID-19-la mübarizəyə qalxıb. Dünyaya gələn ağır virusun xalqımızdan az itkilərlə yan keçməsi üçün çox diqqət və qayğı göstərdiniz. Bir həkim olaraq mən bu mübarizənin istiqamətini və yerinə yetirilməsini alqışladım, kənarda qalmamağa çalışdım. Lakin bütün gigiyena qaydalarına riayət etməyimə baxmayaraq mən də COVID-19-a yoluxdum. 10 aprel - 9 may tarixlərdə Yeni Klinikada çox ağır vəziyyətdə oldum. 10 gün müddətində süni tənəffüs aparatına bağlı olmuşam. O dövrdə TƏBİB başda olmaqla bütün Yeni Klinika heyəti davamlı mübarizə nəticəsində məni çox təhlükəli vəziyyətdən çıxara və həyata qaytara bilmişlər. Ayıldıqdan sonra bütün bu şəraitin, müasir klinikanın, avadanlığın və ən əsası insani münasibətin memarı olan Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Bu gün mənim ailəmin, qohumlarımın, dostlarımın və yaxınlarımın yanında olmağım Sizin nəzarətiniz altında yaradılmış TƏBİB və Yeni Klinikaya təhkim olunmuş fədakar Azərbaycan həkimlərinin sayəsindədir.

Hörmətlə,

Əzimov İlqar, həkim-cərrah.

Azərbaycan Respublikası, Bakı şəhəri.