“Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında İlham Əliyevin nitqi

20 aprel 2020, 11:20

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Baş idarəetmə mərkəzinin istifadəyə verilməsi münasibətilə sizi təbrik edirəm. Şadam ki, bu gözəl binada “Azərenerji”nin bir çox qurumları yerləşir. Dispetçer mərkəzi, baş idarəetmə mərkəzi, energetika institutu, tədris mərkəzi, laboratoriya, energetiklərin mədəniyyət mərkəzi. Hesab edirəm ki, indi burada şərait çox yaxşıdır. Bu binada qısa müddət ərzində əsaslı yenidənqurma işləri aparılmışdır. Demək olar ki, bina yenidən qurulmuşdur və indi bir yerdə, bir mərkəzdə “Azərenerji”nin əsas departamentləri yerləşir və beləliklə, idarəetmə üçün daha da gözəl imkan yaranır. Çünki bundan əvvəl “Azərenerji”nin departamentləri, qurumları müxtəlif yerlərdə yerləşirdi, bəzi hallarda yarımstansiyaların binalarında yerləşirdi və əlbəttə ki, idarəetmə üçün bu, o qədər də məqbul hal deyildi.

Bu bina sovet dövründə tikilib. Bir müddət bundan əvvəl özəlləşdirməyə çıxarılmışdı, “Azərenerji”nin balansından çıxarılmışdı. Mən bundan xəbər tutandan sonra göstəriş verdim ki, bu, dərhal “Azərenerji”nin balansına qaytarılsın. Çünki əks-təqdirdə bu binanı özəlləşdirən hansısa sahibkarların burada nə yaradacaqları bəlli deyildi. Bina çox böyükdür, ərazisi də böyükdür, təqribən 4 hektara yaxındır. Əvvəlki binanın sahəsi 13 min kvadratmetr idi, indi isə artırılıb 20 min kvadratmetrə çatdırılıb. Yəni, burada ya hansısa bir mehmanxana, yaxud şadlıq evi, yaşayış binası, ya da ki, hansısa bir ictimai iaşə obyekti yaradılacaqdı və energetiklər bu binadan məhrum olacaqdılar.

Bu bina energetiklərə qaytarılandan sonra, 2018-ci ilin sonunda burada əsaslı yenidənqurma-təmir işləri başlamış və uğurla başa çatdırılmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti energetika sahəsinə çox böyük əhəmiyyət verir. Təsadüfi deyil ki, bizim infrastruktur layihələrinin icrası ilə bağlı ilk addımlarımız məhz energetika sahəsinə də aid idi. Hələ 2004-cü ildə regionların birinci sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilərkən orada infrastruktur layihələrinin arasında əsas diqqət energetika sahəsinə yönəlmişdi. Bu, təbii idi. Çünki o vaxt biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik. Biz xaricdən elektrik enerjisi alırdıq. Həm valyuta xaricə gedirdi, həm də bizim mövcud infrastruktur xətlərimiz imkan vermirdi ki, ölkəmizi elektrik enerjisi ilə təmin edək. Hətta Bakı şəhərində gecə saatlarında elektrik enerjisi kəsilirdi. Yadımdadır, - gənc nəslin nümayəndələri bəlkə də bunu xatırlamır, - o vaxt hətta televiziya verilişləri axşam saat 12-də dayandırılırdı ki, insanlar televiziyaya baxmasınlar, enerjidən çox istifadə etməsinlər. Yəni, böyük qıtlıq var idi. O ki qaldı, Azərbaycanın bölgələrinə, orada, ümumiyyətlə, dayanıqlı enerji təminatı nədir, insanlar bilmirdilər. Ən yaxşı halda sutka ərzində 2-4 saat elektrik enerjisi verilirdi və əlbəttə ki, bu, həm insanların həyat tərzinə mənfi təsir göstərirdi, eyni zamanda, bizim iqtisadi, sənaye potensialımızın artımına da böyük problem yaradırdı. Ona görə mənim göstərişimlə birinci regional inkişaf proqramında bu məsələyə çox böyük diqqət göstərildi və biz dərhal işlərə başladıq. O vaxt regional elektrik stansiyalarının tikintisinə başlamışdıq. Astara, Xaçmaz, Şəki, Şahdağ və Səngəçalda elektrik stansiyalarının tikintisi müəyyən dərəcədə imkan yaratdı ki, öz tələbatımızı özümüz təmin edək. Ancaq bununla paralel olaraq yeni elektrik stansiyalarının, böyük elektrik stansiyalarının inşası da nəzərdə tutulurdu və son 16 il ərzində bütövlükdə ölkəmizdə 30-dan çox yeni stansiya tikilmişdir. Əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat daha çox asılı olacaqdı, nəinki 2000-ci illərin əvvəllərində. Bu stansiyalar arasında böyük stansiyalar xüsusilə əhəmiyyət daşıyır. Ən böyük stansiya Şirvan şəhərində tikilmişdir – “Cənub” Elektrik Stansiyası. Onun generasiya gücü təxminən 800 meqavata bərabərdir. Ondan sonra Sumqayıt Elektrik Stansiyası, 525 meqavat. “Şimal 2” bu yaxınlarda istifadəyə verilib. Onun generasiya gücü 400 meqavata yaxındır. “Səngəçal” stansiyasının generasiya gücü 300 meqavatdır. Təkcə bu dörd stansiyanın generasiya gücü 2 min meqavatdan çoxdur. Bundan əlavə, ölkəmizin müxtəlif yerlərində su elektrik stansiyaları tikildi. Bildirməliyəm ki, Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar respublikanın tələbatını ödəmək iqtidarındadır. Vaxtilə İrandan və Türkiyədən elektrik enerjisi alan Naxçıvan Muxtar Respublikası indi özünü tam təmin edir və eyni zamanda, orada ixrac potensialı da yaranmışdır. O cümlədən bütövlükdə ölkəmizdə bu gün ixrac potensialı var və biz elektrik enerjisini idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik.

Əlbəttə ki, bu böyük infrastruktur layihələri böyük vəsait tələb edir. Bu vəsaitin böyük hissəsi büdcənin hesabına təmin edildi, digər hissə götürülmüş kreditlər hesabına və bu kreditlər qaytarılır. Beləliklə, biz çox müasir enerji sistemimizi yaratdıq və bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksəkgərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi, bir çox yerlərdə yeni yarımstansiyalar tikildi, transformatorlar quraşdırıldı. Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji ilə təminat necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər.

Bizim enerji potensialımız artan iqtisadi inkişafımıza uyğun olmalıdır. Eyni zamanda, “Azərenerji” son iki il ərzində mövcud stansiyaların generasiya güclərinin bərpası barədə yeni layihə təqdim edib. Çünki bu stansiyaların əksəriyyəti çoxdan tikilib. Bu stansiyalarda mövcud vəziyyət bizi heç cür qane edə bilməzdi. Hamımızın yadındadır ki, Mingəçevir Elektrik Stansiyasında baş vermiş qəza hansı fəsadlara gətirib çıxardı. Ölkəmizi qaranlıq bürüdü. Metronun bütün stansiyalarında böhran yarandı və ölkəmiz qaranlığa qərq olmuşdu. Bu, ilk növbədə, səhlənkarlıq, məsuliyyətsizlik ucbatından baş vermiş qəza idi. Ona görə “Azərenerji”nin rəhbərliyi dəyişdirildi, cəzalandırıldı. Yeni rəhbərlik gətirildi. Yeni rəhbərlik qarşısında çox konkret vəzifələr qoyuldu və bu vəzifələr bu gün icra edilir. Çünki enerji təminatı hər bir ölkənin döyünən ürəyidir. Bu olmasa, heç nə olmayacaq. Bu olmasa, sənaye, kənd təsərrüfatı inkişaf etməyəcək, suvarma işləri təmin edilə bilməyəcək, ictimai nəqliyyat işləməyəcək. Ümumiyyətlə, həyat iflic vəziyyətə düşəcək. Ona görə bizim əsas məqsədimiz müstəqil enerji sistemi yaratmaq, xaricdən asılılığı aradan götürmək idi. Enerji potensialımızı elə həcmdə yaratmalı idik ki, bizim ehtiyatda da kifayət qədər generasiya güclərimiz olsun və bu gün bu var. İndi müxtəlif rəqəmlər səslənə bilər, amma ən aşağı rəqəmlər onu göstərir ki, bizim hazırda ehtiyatda ən azı 1000 meqavat generasiya gücümüz var. Mövcud stansiyaların güclərinin bərpası artıq başa çatır. Bunların arasında, ilk növbədə, Mingəçevirdəki İstilik Elektrik Stansiyasını qeyd etməliyəm. Çünki bu, bizim ən böyük generasiya gücümüzdür və həmin stansiyada baş vermiş qəza nəticəsində ölkəmiz qaranlığa düçar oldu. Bu stansiyada 8 blokun hamısı yenidən qurulur. Ümid edirəm ki, yaxın bir neçə ayda bu stansiya tamamilə yenidən qurularaq istifadəyə veriləcək. Bu stansiyada təkcə bərpa olunan güclərin həcmi 600 meqavata yaxındır. Təsəvvür edin, ancaq bərpa işlərini düzgün aparmaqla biz 600 meqavat gücündə əlavə generasiyaya sahib olacağıq. Əgər bunu biz ayrıca bir stansiya kimi götürsək görərik ki, bu, ölkəmizin generasiya gücünə görə ikinci böyük stansiya olacaq, “Cənub” stansiyasından sonra.

Digər elektrik stansiyalarında da bərpa işləri aparılır və əminəm ki, biz bu istiqamətdə öz hədəfimizə çatacağıq. Bütün bu işlər, o cümlədən ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, iqtisadi inkişaf, sənaye potensialımızın artması, eyni zamanda, qonşu ölkələrlə enerji xətlərinin təmin edilməsi, inşası ona gətirib çıxarıb ki, xarici investorlar artıq bu sahəyə böyük maraq göstərirlər. Biz bunu həmişə arzulamışıq. Ancaq görəndə ki, xarici investor bu sahəyə maraq göstərmir, bütün işləri biz özümüz görürük, öz pulumuzla. Müəyyən hissəni biz borc kimi götürdük, amma əsas hissəni öz pulumuzla həll etdik və bu gün dünya miqyasında ən səmərəli enerji sistemindən biri məhz Azərbaycandadır və bunu təsdiqləyən Davos Ümumdünya İqtisadi Forumunun hesabatıdır. Bunu mən elə-belə demirəm. Beləliklə, Forumun hesabatında elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycan dünyada ikinci yerdədir. Təsəvvür edin, ikinci yerdə. Bizdən qabaq, sadəcə olaraq, bir ölkə var. Yəni, bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq. Özü də nə vaxt, qısa müddət ərzində.

Bizim müstəqilliyimizin hələ 30 yaşı tamam olmayıb. Biz müstəqil ölkə olanda enerji təsərrüfatımız bərbad vəziyyətdə idi. Ondan sonra daha da bərbad vəziyyətə düşdü. Biz o illəri xatırlayırıq. Burada bir “Barmek” şirkəti peyda olmuşdu, özü də qeyri-təmiz sxemlər əsasında, keçmiş məmurlarla sövdələşmə əsasında gəlib bizim Bakı şəhərinin bütün enerji təsərrüfatına sahib olub və pul qoymaq əvəzinə, bu sistemi bərbad vəziyyətə salıb, Azərbaycandan milyonlarla pul aparıb. Sonra da bu, azmış kimi, bizi hələ məhkəməyə vermək istəyirdi. Mənim göstərişimlə bu çirkin sövdələşməyə son qoyuldu, bu dələduz şirkət Azərbaycandan qovuldu və mənim Sərəncamımla o vaxt “Azərişıq” Səhmdar Cəmiyyəti yaradıldı. Adını da mən qoymuşam, “Azərişıq”. Biz bütün enerji təsərrüfatımızı dövlət mülkiyyətinə qaytardıq. Əgər bunu etməsəydik, bu gün biz qaranlıq içində yaşayacaqdıq və “Azərenerji”nin bütün əmlakı dağıdılacaqdı, necə ki, bu bina. Təsəvvür edin, 13 min kvadratmetrlik binanı çıxardılar özəlləşdirməyə və ucuz qiymətə satmaq istəyirdilər. Əgər mən xəbər tutmasaydım, mənə məlumat verilməsəydi, göstəriş verməsəydim satacaqdılar. İndi görün siz nə gözəl binada yerləşirsiniz. Bu, demək olar ki, bizim enerji sistemimizin tənzimlənməsi işində əsas mərkəzdir. Skada sistemi, dispetçer sistemi, idarəetmə sistemi, hamısı burdadır, harada yerləşəcəkdi? Bizim enerji sistemimizi belə dağıtmaq istəyirdilər.

Ona görə bizim vətəndaşlar bunu bilməlidirlər və xatırlamalıdırlar. Bu gün haradan-hara gəlmişik, dünya miqyasında ikinci yerdəyik. Bu gün bizim enerji potensialımız artan iqtisadiyyatı dəstəkləyir. Təkcə bu ilin 3 ayında, - baxmayaraq ki, neftin qiyməti düşdü, koronavirus pandemiyası bizim ölkəmizə də çox böyük təsir göstərdi, - qeyri-neft sənayesi sahəsində artım 23 faizdir və bütün bu artan sənaye müəssisələri enerji tələb edir. Həm generasiya, həm ötürmə, həm dayanıqlı təchizat - bütün bunlar bu gün təmin edilir. Ona görə hesab edirəm ki, bu gün bu binanın açılışı çox böyük rəmzi məna daşıyır. Təbii ki, burada institut yerləşir, Baş İdarəetmə Mərkəzi, Tədris-Laboratoriya Mərkəzi, Dispetçer Mərkəzi və eyni zamanda, bu, bizim enerji sistemimizin yeni simasını əks etdirir. Bu bina artıq satışdan, hərracdan çıxarılaraq energetiklərə, onun sahiblərinə qaytarılmışdır. Ona görə bu binada işləyən vətəndaşlar öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər. Elə etməlidirlər ki, bizim enerji təminatımız daim yüksək səviyyədə olsun.

Bütün bunlarla yanaşı, hələ görüləcək işlər çoxdur. “Azərenerji”nin böyük planları var və hesab edirəm ki, ardıcıl siyasət nəticəsində bütün bu planlar həyata keçəcək. Bir daha demək istəyirəm ki, bütün bu müsbət dinamika və eyni zamanda, sabitlik ona gətirib çıxardı ki, xarici investorlar Azərbaycana pul qoymaq qərarına gəlmişlər. Bu ilin yanvar ayında ilkin razılaşma əldə edildi və bərpa olunan enerji sahəsində böyük təcrübəyə malik 2 böyük şirkət Azərbaycanla ilkin sazişləri də imzaladı. Bu sazişlər əsasında ölkəmizdə 440 meqavat gücündə - biri külək, biri günəş olmaqla, 2 stansiya tikiləcəkdir, sırf xarici investorların hesabına. Onu da bildirməliyəm ki, bu layihələri icra etmək, yəni, investisiya qoymaq istəyən şirkətlərin sayı 7 idi. Mən ad çəkmək istəmirəm, onların arasında dünyanın ən böyük enerji şirkətləri də vardı. Ancaq müsabiqə onu göstərdi ki, 2 şirkət daha gözəl şərtlər verib və onlar artıq bu işləri başlamalıdırlar. Düzdür, bu koronavirus araya girdi, ola bilər ki, müəyyən yubanma olsun, amma prinsip etibarilə bütün ilkin razılaşmalar əldə edilib. Bu, öz növbəsində, digər şirkətlərə də yol açacaq. Bizim bərpa olunan enerji potensialımız çox böyükdür, günəş, külək bizdə boldur. Ona görə əmin edirəm ki, həm yerli, həm də xarici şirkətlər bu sahəyə maraq göstərəcəklər.

Bir də xarici şirkətlərin fəaliyyəti ilə bağlı bildirməliyəm ki, müəyyən müddət ərzində biz bu sahəni dövlət inhisarında saxlamışdıq və mən bunun səbəbini də bildirdim. Ancaq hazırda Azərbaycana investisiya qoymaq istəyən istənilən şirkət öz təkliflərini versin və yeni stansiyalar tiksin, investisiya qoysun və bizimlə bərabər işləsin.

Bilirəm ki, bəzi şirkətlərin mövcud stansiyalara marağı vardır. Ancaq buna baxmaq lazımdır, bu, bizə lazımdır, yoxsa yox. Çünki mövcud stansiyalar hamısı işlək vəziyyətdədir, dövlət hesabına böyük investisiyalar qoyulub. Əgər hansısa xarici şirkət bizdən o stansiyaları daha yaxşı işlədə bilərsə, buyursun təklif versin, göstərsin ki, nədir bunun üstünlüyü, əgər bu, özəl əllərdə olarsa baxarıq, əgər onlar doğrudan da daha səmərəli işləyəcəklərsə işləsinlər. Ancaq xarici investorları mən, ilk növbədə, yeni stansiyalara yönəltmək istəyirəm. Gəlsinlər pul qoysunlar. Yoxsa hazır vəziyyətdə gəlməyi hər kəs istəyər. Gəl pul qoy, istehsal et, ötür ümumi sistemə və öz biznesini genişləndir. Bax, mənim xarici şirkətlərə tövsiyəm bundan ibarətdir, o cümlədən yerli şirkətlərə. Əminəm ki, bundan sonra dövlət-özəl sektor tərəfdaşlığı bu sahədə də mümkün olacaqdır.

Bir daha sizi ürəkdən təbrik edirəm və sizə, bütün Azərbaycan energetiklərinə yeni uğurlar arzulayıram. Sağ olun.