04 aprel 2020, 10:30

Şahniyar Əsgərov və başqalarından, Tovuz, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin həyata keçirdiyiniz uğurlu siyasətinizin nəticəsidir ki, bu gün ölkəmizdə əmin-amanlıqdır. Son aylarda yaşanan çətinliklərə baxmayaraq, həyata keçirilən layihələr və görülən işlər ölkəmizin etibarlı əllərdə olduğunu göstərir.

Uğurlu sosial-iqtisadi siyasətiniz şəhər və rayonlarla yanaşı, kəndlərin də inkişafına təkan verir. Kənd yollarının tikintisinə və yenidən qurulmasına hərtərəfli dəstəyiniz nəticəsində yüzlərlə kənddə rahat gediş-gəliş təmin edilib.

Bu xoş məramdan bizə də böyük pay düşüb. Sizin tapşırığınızla Tovuz rayonunun dağlıq ərazisində yerləşən Kirən kənd inzibati ərazi dairəsinin əhatə etdiyi və 10 min nəfərdən çox əhalinin yaşadığı kəndləri birləşdirən avtomobil yolu yenidən qurularaq asfaltlanıb və istismara verilib. Hacıhəsənli, Molla Ayrım, Kirən, Xınna Kirən, Sofular, Xatıncan, Qalaboyun, Baqqallı, Saladınlı və Çatax kəndlərini birləşdirən yol həmin kəndlərin əhalisinin böyük sevincinə səbəb oldu. Bu yol rahat gediş-gəlişi, məhsulların bazarlara vaxtında çatdırılmasını təmin edəcək, həmçinin bu səfalı və tarixi yerlərdə turizmin inkişafı üçün şərait yaradacaq.

Cənab Prezident, rəhbərliyinizlə həyata keçirilən layihələr Sizin yerlərdəki vəziyyətlə bilavasitə tanış olmağınızın nəticəsidir. Gördüyünüz bütün işlər xalqımızın sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır.

Kəndlərimizi rayonla birləşdirən avtomobil yolunun əsaslı təmir edilərək asfaltlanmasına, bizə göstərdiyiniz qayğıya görə bütün sakinlər adından Sizə dərin minnətdarlığımızı və sonsuz təşəkkürümüzü bildiririk. Azərbaycanın inkişafı, xalqımızın xoşbəxtliyi istiqamətində gələcək fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, tükənməz enerji və yeni-yeni uğurlar arzu edirik.

Tovuz rayonunun Hacıhəsənli, Kirən, Sofular, Qalaboyun, Molla Ayrım, Baqqallı və Xatıncan kəndlərinin sakinləri adından dərin hörmətlə,

Əsgərov Şahniyar Cahan oğlu

Məmmədov Əmirxan Əmirqulu oğlu

Əhmədov Cavad Məhər oğlu

Ələkbərov Hidayət Səməd oğlu və başqaları (cəmi 12 nəfər).

Azərbaycan Respublikası, Tovuz rayonu.