Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında ƏSASNAMƏ

27 mart 2020, 19:00

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 27 mart tarixli Fərmanı ilə

təsdiq edilmişdir


1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti (bundan sonra – Xidmət) meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və Nazirliyin hüquqi aktlarını rəhbər tutur.

1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələri və hüquqları Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və yerli bölmələri vasitəsilə həyata keçirir.

1.4. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Xidmətin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Xidmət Bakı şəhərində yerləşir.

2. Xidmətin fəaliyyət istiqamətləri

2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək;

2.0.2. meşə fondu torpaqlarından səmərəli istifadə, meşələrin cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi, habelə ölkə ərazisinin meşəlik faizinin artırılması istiqamətində fəaliyyəti həyata keçirmək;

2.0.3. meşələrdən, meşə-parklardan və meşədənkənar ərazilərdən yüksək genetik xüsusiyyətlərə malik, meşəəmələgətirici, relikt və endemik ağac və kol cinslərinin seleksiya əsasında seçilməsi, toxumların tədarükü, uçotu, analiz olunub yoxlanılması, eləcə də saxlanılması, nəqli və mübadiləsi sahələrində fəaliyyəti həyata keçirmək;

2.0.4. dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə riayət olunması üçün tədbirlər görmək;

2.0.5. aidiyyəti elmi müəssisə və təşkilatları cəlb etməklə, müvafiq sahə üzrə elmi tədqiqat fəaliyyətinin həyata keçirilməsini təşkil etmək;

2.0.6. meşələrin qorunması, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnməkdən, xəstəlik və zərərvericilərdən, yanğından, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi məqsədilə fəaliyyəti həyata keçirmək.

3. Xidmətin vəzifələri

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:

3.0.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, hazırlanmış layihələrə dair rəy və təklifləri Nazirliyə təqdim etmək;

3.0.2. meşələrin mühafizəsi, bərpası, meşə fondundan səmərəli və məqsədyönlü istifadənin təmin olunması, meşələrin torpaqqoruyucu, susaxlayıcı, iqlimtənzimləyici, sağlamlaşdırıcı və digər faydalı funksiyalarının artırılması istiqamətində dövlət proqramlarının və inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.0.3. Nazirliyin razılığı ilə müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.0.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyətini əlaqələndirmək;

3.0.4. meşə təsərrüfatı tədbirlərinin səmərəliliyinin artırılması, meşələrin mühafizəsi, suqoruyucu, mühityaradıcı, sağlamlaşdırıcı və digər faydalı təbii xüsusiyyətlərinin saxlanılması və gücləndirilməsi sahələrində elmi tədqiqatların və monitorinqlərin aparılmasını təşkil etmək;

3.0.5. meşə yanğınlarına qarşı əhali arasında maarifləndirmə işi aparılmasına, yanğına qarşı mineral zolaqların çəkilməsinə və digər mühafizə tədbirlərinin yerinə yetirilməsinə yönəldilmiş fəaliyyəti əlaqələndirmək;

3.0.6. meşələrin mühafizəsi və qorunması məqsədilə yanğınla mübarizə tədbirlərini həyata keçirmək, yüksək yanğın təhlükəsi dövründə əhalinin, nəqliyyat vasitələrinin meşəyə girməsini, habelə ayrı-ayrı meşə fondu sahələrində müəyyən iş növlərinin aparılmasını məhdudlaşdırmaq və ya qadağan etmək;

3.0.7. qoruq meşələrində, milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı meyvə və digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq, fiziki şəxslərin həmin sahələrdə olmasını və meşə sərvətləri yığmasını məhdudlaşdırmaq və qadağan etmək;

3.0.8. meşə fondunun zərərvericilərdən, xəstəliklərdən mühafizəsi məqsədilə fasiləsiz monitorinqlər aparmaq, zərərverici və xəstəlik mənbələrini aşkara çıxarmaq, cari, ekspedisiya, aviavizual və digər meşəpatoloji müşahidə tədbirlərini həyata keçirmək, bu barədə perspektiv plan, yekun material, təlimat hazırlamaq;

3.0.9. meşə təsərrüfatı qurumlarının qiymətli ağac cinslərindən ibarət yüksək məhsuldarlıqlı, mühityaradıcı və qoruyucu funksiyaları olan yeni meşə sahələri salmasını təşkil etmək;

3.0.10. meşələrin dövlət uçotunu, dövlət meşə kadastrını, meşələrin monitorinqini və meşə quruluşu işlərini aparmaq;

3.0.11. meşələrin bərpası və yenidən əkilməsi (rekonstruksiyası) işlərinin elm və texnikanın, qabaqcıl təcrübənin nailiyyətlərindən istifadə etməklə təşkili sahəsində təklif və tövsiyələr hazırlamaq;

3.0.12. meşəbərpa, meşə əkini, əkin materiallarının yetişdirilməsi, onlara qulluq, təbii bərpaya kömək, az əhəmiyyətli və aşağı sıxlıqlı (doluluqlu) ağacların rekonstruksiya edilməsi tədbirlərini təşkil etmək;

3.0.13. hidromeşəmeliorativ tədbirlərin və torpaqların rekultivasiyasının, habelə çay və göllərin kənarlarının, dərə-yarğan və qumluqların, digər əlverişsiz torpaqların meşələşdirilməsi işlərinin meşə quruluşu layihələrinə və meşə əkinlərinə olan tələblərə uyğun aparılmasını təşkil etmək;

3.0.14. meşə əkinlərinin texniki qəbulu, inventarlaşdırılması, meşə ilə örtülü sahəyə keçirilməsi və sairlə bağlı sənədlərin tərtib olunması işlərini təşkil etmək;

3.0.15. qeyri-meşə torpaqlarında meşə salmaq, meşə fondunun məhsuldar olmayan torpaq sahələrini minimuma endirmək, meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlər yaratmaq;

3.0.16. meşəbərpa işlərinin həcminin, onların aparılma üsullarının və bərpa olunacaq ağac cinslərinin müəyyənləşdirilməsi, həmçinin meşəbərpa tədbirlərinin, meşə toxumları tədarükü və əkin materialları yetişdirilməsi işlərinin meşə təsərrüfatı qurumları tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;

3.0.17. meşə təsərrüfatı qurumları tərəfindən meşə toxumluq sahələrinin seçilməsinə, bərpa olunacaq ağac cinslərinin toxumlarının hazırlanmasına və tədarükünə, onların keyfiyyətinin, habelə toxum ehtiyat fondunun miqdarı, saxlanılması və əkin materialları yetişdirilməsi işlərinin texniki şərtlərə uyğun olmasına nəzarət etmək;

3.0.18. meşələrin məhsuldarlığının artırılması məqsədilə elmi cəhətdən əsaslandırılmış meşəqırma sistemini tətbiq etmək, meşələrin bərpasını, onların cins tərkibinin yaxşılaşdırılmasını, habelə seleksiya-genetika əsasında daimi meşə toxumçuluğu bazasının yaradılmasını təmin etmək;

3.0.19. meşə fondunun vəziyyəti üzərində fasiləsiz müşahidələr aparılmasında, zərərli orqanizmlərin mənbələrinin aşkar edilməsində və həmin yerlərdə fitosanitar tədbirlərin görülməsi, bu halların yayılmasının qarşısının alınması, onların aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində iştirak etmək;

3.0.20. aidiyyəti dövlət qurumu ilə birlikdə meşə fondunda zərərvericilərin və xəstəliklərin çoxalmasının, eləcə də yayılmasının icmalına və proqnozuna dair məlumatlara əsasən meşə zərərverici həşəratlarına və xəstəliklərə qarşı profilaktik və fitosanitar tədbirlərin perspektiv planını, həmçinin meşələrin fitosanitar vəziyyəti barədə yekun materialları hazırlamaq, fitosanitar tədbirləri həyata keçirmək məqsədilə müvafiq hesabatlar tərtib etmək;

3.0.21. səpin üsulu ilə meşə əkinləri salındıqda səpin qaydasını, ilkin sıxlıq normasını və digər texnoloji tələbləri, yol verilən cərgə aralarının enini, əkin (səpin) yerlərinin arasını və meşəbitmə zonasını müəyyənləşdirmək;

3.0.22. əkin materiallarının seleksiya əsasında seçilmiş yüksək genetik xüsusiyyətli ağac və kol cinslərindən tədarük edilmiş toxumlar hesabına yetişdirilməsini, genefondun, endemik və relikt ağac və kol cinslərinin qorunub mühafizə edilməsini, onların areallarının genişləndirilməsini, meşəbərpa və meşə meliorasiya tədbirlərinin həyata keçirilməsini təşkil etmək;

3.0.23. meşə təsərrüfatının təşkili planı və texniki layihələr əsasında meşəbitmə şəraitinə uyğun müasir texnologiyalar tətbiq etməklə, meşəbərpa və meşəsalma tədbirlərinin həyata keçirilməsi üçün tədbirlər görmək;

3.0.24. ekoloji və iqtisadi cəhətdən meşə təsərrüfatında daha səmərəli hesab edilən, tezböyüyən cinslərdən ibarət plantasiyalar salınmasını təşkil etmək;

3.0.25. meşə fondu sahələrinin zibillənmə, çirklənmə, bataqlıqlaşma və su altında qalma hallarının qarşısının alınması, yararlı hala gətirilməsi (bərpa edilməsi), məhsuldarlığının artırılması, onların susaxlayıcı, mühittənzimləyici və digər faydalı funksiyalarının artırılması məqsədilə görülən tədbirlərə nəzarət etmək;

3.0.26. meşə quruluşu layihələri əsasında oduncaq və aralıq istifadə üçün meşələri qırmadan sənaye məhsulları istehsal olunması barədə Nazirliyə təkliflər vermək;

3.0.27. köküstü oduncaq buraxılışı məqsədilə meşə istifadəçilərinin hazırladıqları texnoloji xəritəyə razılıq verilməsi, habelə köküstü oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün meşəqırma bileti (qırma sahələrinin düzgün seçilməsi, ayrılması), həmçinin özü yıxılmış və (və ya) qurumuş ağaclardan oduncaq hazırlanması, ağac tör-töküntüsü və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün order vermək;

3.0.28. meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək;

3.0.29. meşə fondu sahələrindən elmi tədqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadəyə dair bağlanan müqavilələrin qeydiyyatını aparmaq;

3.0.30. meşə fondunda meşələri qanunsuz qırılmadan qorumaq;

3.0.31. müvafiq sahə üzrə pozuntuların aradan qaldırılmasına dair fiziki şəxslərə, eləcə də vəzifəli və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək;

3.0.32. meşələrin mühafizə və bərpasının təmin edilməsi, təsərrüfat fəaliyyətinin və digər fəaliyyətlərin meşə fondunda təbii ekoloji sistemlərə zərərli təsirinin qarşısının alınması istiqamətində problemləri, müvafiq sahə ilə bağlı innovativ layihələrdən (o cümlədən startaplardan) istifadə imkanını araşdırmaq və Nazirliyə təkliflər vermək;

3.0.33. fəaliyyətinin təşkili ilə bağlı ayrılan dövlət büdcəsi vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.34. müvafiq sahə ilə bağlı sərgilərin, fotostendlərin, sənədli və qısametrajlı filmlərin hazırlanmasını, seminar və tədbirlərin keçirilməsini təşkil etmək;

3.0.35. fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, müvafiq internet saytının yaradılmasını, malik olduğu və açıqlanmalı informasiyanın həmin saytda davamlı yenilənməklə yerləşdirilməsini təmin etmək, habelə məlumatların aidiyyəti dövlət orqanlarının elektron informasiya sisteminə inteqrasiyası üçün tədbirlər görmək;

3.0.36. fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsində iştirak etmək;

3.0.37. dövlət sirrinin və məxfilik rejiminin qorunmasını təmin etmək, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.38. fəaliyyət istiqamətləri üzrə kadr hazırlığı və əməkdaşların əlavə təhsili üçün Nazirliyə təkliflər vermək;

3.0.39. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müvafiq tədbirlər görmək;

3.0.40. fəaliyyəti ilə bağlı yaranan arxiv sənədlərinin komplektləşdirilməsini, saxlanılmasını və uçotunu təmin etmək, bu məqsədlə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun digər tədbirləri görmək;

3.0.41. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Xidmətin hüquqları

4.0. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır:

4.0.1. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;

4.0.2. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Nazirliyə təkliflər vermək;

4.0.3. müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənmək, fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun analitik materiallar hazırlamaq, təhlillər, tədqiqatlar aparmaq, rəy və təkliflərini Nazirliyə təqdim etmək;

4.0.4. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, onların müvafiq sahə ilə bağlı təcrübəsini öyrənmək;

4.0.5. fəaliyyət istiqamətlərinə uyğun xüsusi bülletenlər, nəşrlər buraxmaq, reklam-informasiya işlərini həyata keçirmək, müstəqil ekspert və mütəxəssisləri fəaliyyətinə cəlb etmək;

4.0.6. fəaliyyət istiqamətləri üzrə aparılan yoxlamalar (araşdırmalar, monitorinqlər) və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və informasiya bankı yaratmaq;

4.0.7. iqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara uyğun ölkənin meşə fondu sahələrinin qoruyucu kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi barədə Nazirliyə təkliflər vermək;

4.0.8. fəaliyyət istiqamətlərindən və vəzifələrindən irəli gələn tədbirlərin həyata keçirilməsi üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, təsərrüfat subyektlərinə, vəzifəli şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan həmin məlumatları (sənədləri) almaq;

4.0.9. meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsinin təşkilinə dair Nazirliyə təkliflər vermək;

4.0.10. funksiyalarının icrası zamanı xüsusi geyimlə təmin olunmaq;

4.0.11. öz vəzifələrini icra edərkən digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;

4.0.12. Xidmətin, habelə onun yerli bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək;

4.0.13. müvafiq sahədə işçi qruplar və komissiyalar yaratmaq;

4.0.14. müvafiq sahə ilə bağlı konfranslar, seminarlar və digər tədbirlər keçirmək;

4.0.15. fəaliyyəti ilə bağlı Nazirliyə hesabatlar vermək;

4.0.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Xidmətin fəaliyyətinin təşkili

5.1. Xidmətə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Xidmətin rəisi rəhbərlik edir.

5.2. Xidmətin rəisi Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Xidmət rəisinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Xidmət rəisinin müavinləri Xidmət rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.4. Xidmətin rəisi:

5.4.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. Xidmət rəisinin müavinləri arasında vəzifə bölgüsü aparır;

5.4.3. Xidmət rəisinin müavinləri, yerli bölmələrin rəhbərləri və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin vəzifəyə təyin etdiyi digər struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır, onların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.4.4. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;

5.4.5. müəyyən olunmuş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini və xərclər smetasını, habelə struktur bölmələrinin və tabeliyindəki qurumların əsasnamələrini və ya nizamnamələrini təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;

5.4.6. Xidmətin fəaliyyətinə dair əmr, sərəncam və göstərişlər verir, habelə onların icrasına nəzarəti həyata keçirir;

5.4.7. dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;

5.4.8. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;

5.4.9. Xidmətin vəzifəli şəxslərinin qanunazidd aktlarını ləğv edir;

5.4.10. Xidmətə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir və bu barədə hesabatı Nazirliyə təqdim edir;

5.4.11. Xidmətin illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir;

5.4.12. Nazirliyin verdiyi səlahiyyətlər daxilində Xidmətin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə Nazirliyi təmsil edir;

5.4.13. müvafiq sahənin inkişafına dair təklifləri, Xidmətin fəaliyyətinə dair illik hesabatları Nazirliyə təqdim edir;

SƏNƏDLƏRFərmanlar22 may 2020
19:05
Azərbaycan Respublikası Prezidentinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 441 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1348-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bir sıra tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli 398 nömrəli, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 7 aprel tarixli 568 nömrəli, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” 2019-cu il 31 yanvar tarixli 502 nömrəli və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 27 dekabr tarixli 446 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət...

22 may 2020, 19:05