24 fevral 2020, 14:00

Teymur Muradovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Bir vətəndaş olaraq Sizin fevral ayında Avropa ölkələrinə səfərlərinizi diqqətlə izlədim. Münxen debatında Nikol Paşinyana keçdiyiniz tarix dərsini tarixin özü də unutmayacaq. Gətirdiyiniz tarixi faktlar və onların əhatəliliyi, ingilis dilində mükəmməl ifadə tərziniz qarşısında düşmən nümayəndəsi tab gətirə bilmədi. Debatda səslənən fikirlər, ölkəmizin haqlı mövqeyinin beynəlxalq arenada Sizin rəhbərliyinizlə gündən-günə güclənməsi işğal altında olan torpaqlarımıza mütləq qayıdacağımıza əminliyimi daha da artırdı.

Cənab Ali Baş Komandan, Sizin Mehriban xanım Əliyeva ilə birgə İtaliyaya səfəriniz, orada yüksək səviyyədə qarşılanmağınız ölkəmizin və onun rəhbərinin çox yüksək nüfuza sahib olduğunu bir daha bütün dünyaya təsdiqlədi. Sizin və Mehriban xanımın yüksək siyasi peşəkarlıqla keçirdiyiniz görüşlər, Mehriban xanıma verilən ali mükafat bir azərbaycanlı olaraq məni qürurlandırdı və fərəhləndirdi. Bu hissləri bizə yaşatdığınıza görə Sizə və Mehriban xanıma dərin təşəkkürümü bildirir və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Dərin hörmətlə,

Muradov Teymur Cavad oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi.