10 yanvar 2020, 11:20

Mahir Əliyevdən, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Göygöl rayonunun Balçılı kəndində uzun müddətdir kənd təsərrüfatı ilə məşğulam. Əvvəllər suvarma suyunun çatışmazlığından çox əziyyət çəkirdik. Bu səbəbdən torpaq sahələrinin bir hissəsi istifadəsiz qalmışdı. Ancaq indi vəziyyət xeyli yaxşılaşıb. Şəmkirçay su anbarından çəkilən kanal vasitəsilə kəndə suvarma suyu verildikdən sonra əkin sahələri genişləndirilib və məhsuldarlıq yüksəlib. Əlbəttə ki, bu da öz növbəsində əhalinin güzəranının yaxşılaşmasına gətirib çıxarıb. İndi mən və fermer yoldaşlarım çox həvəsliyik. Geniş sahələrdə taxıl, günəbaxan, şəkər çuğunduru əkmişik, meyvə bağları salmışıq və növbəti illərdə daha çox məhsul götürəcəyimizə inanırıq.

Əziz Prezidentimiz, suvarma suyu ilə bağlı problemin həllinə görə kəndimizin fermerləri adından Sizə minnətdarlığımızı bildirirəm. Allah köməyiniz olsun.

Hörmətlə,

Əliyev Mahir Səlman oğlu.

Azərbaycan Respublikası, Göygöl rayonu, Balçılı kəndi.