08 yanvar 2020, 14:00

Gülağa Rzayev və başqalarından, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu gün Azərbaycan Respublikası və xalqı Sizin rəhbərliyinizlə ən xoşbəxt və işıqlı günlərini yaşayır. Tanrının xalqımıza bəxş etdiyi əbədiyaşar ümummilli lider Heydər Əliyevin qurduğu və bizə ərməğan etdiyi müasir müstəqil Azərbaycan Sizin yorulmaz və müdrik fəaliyyətiniz nəticəsində uca zirvələrə doğru inamla irəliləyir. Ulu Öndərimizin arzuları, parlaq ideyaları durmadan reallaşır. Gördüyünüz möhtəşəm işlər müstəqil dövlətimizin nurlu sabaha qovuşmasına, xalqımızın daha xoşbəxt və firavan yaşamasına xidmət edir. Buna görə də xalqımız Sizi sevir, müdrik siyasətinizi dəstəkləyir və Sizin ətrafınızda sıx birləşib.

Yola saldığımız 2019-cu il də yaddaşımızda ölkəmizin inkişafı və xalqımızın rifahının yaxşılaşdırılması naminə çoxsaylı tədbirlərin həyata keçirildiyi, nailiyyətlərlə dolu islahatlar ili kimi qalacaqdır. 2019-cu il minimum əməkhaqqının, maaşların, təqaüd və müavinətlərin artırılması ilə əlaqədar imzaladığınız sərəncamlar və sosial rifahımızın yaxşılaşdırılması üçün qəbul etdiyiniz humanist qərarlarla güzəranımız daha da yaxşılaşıb, firavanlığımız təmin olunub.

Möhtərəm cənab Prezident, Azərbaycanın cənub qapısı olan Astara rayonu Sizin diqqət və qayğınızla son illər böyük inkişaf yolu keçərək respublikamızın ən yaraşıqlı, abad rayonlarından birinə çevrilib. Şəhər, qəsəbə və kəndlərdə sosial obyektlər inşa edilib, on kilometrlərlə asfalt yollar çəkilib, körpülər salınıb. İnsanların rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Çox hörmətli cənab Prezident, inamla həyata keçirdiyiniz daxili və xarici siyasətinizi ürəkdən bəyənir, Sizə inanır və arxalanırıq. Əminik ki, Siz hələ uzun illər Azərbaycan xalqını arxanızca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaqsınız. Biz də ətrafınızda sıx birləşərək ölkəmizin rifahı üçün gördüyünüz bütün işlərdə Sizinləyik.

Fürsətdən istifadə edərək, Sizi Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə müstəqil Azərbaycanımızın tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması naminə şərəfli və məsuliyyətli işlərinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı və sevinc dolu günlər arzulayırıq.

Astara rayonunun ağsaqqalları, ziyalıları və gəncləri adından dərin hörmət və ehtiramla,

Rzayev Gülağa Pilağa oğlu

İbadov Natiq Nəhnət oğlu

Kamilov Kamil Manaf oğlu

Əliyev Ələskər Məhərrəməli oğlu

Muradov Fərrux Qasım oğlu və başqaları (cəmi 17 nəfər).

Azərbaycan Respublikası, Astara rayonu.