Azərbaycan-Ukrayna biznes forumunda İlham Əliyevin nitqi

17 dekabr 2019, 11:57

Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün Azərbaycan-Ukrayna biznes forumunda Ukraynadan 90-dan çox şirkət, Azərbaycandan isə 100-dən artıq şirkət təmsil olunur. Bu rəqəmlər özlüyündə bir göstəricidir. Onu göstərir ki, belə biznes forumun keçirilməsinə böyük maraq var. Sözün düzü, çoxdandır ki, Ukrayna-Azərbaycan biznes forumları keçirilmirdi. Onu da bildirməliyəm ki, çoxdandır hökumətlərarası komissiya fəaliyyət göstərmirdi. Bu gün Prezident Zelenskinin səfəri zamanı bütün bu məsələlər geniş müzakirə olundu. Müzakirə edilən məsələlərin arasında iqtisadi-ticari məsələlər xüsusi yer tutmuşdur.

Mən hesab edirəm ki, Prezidentin səfəri bütövlükdə çox uğurludur. Biz bu gün çox geniş fikir mübadiləsi aparmışıq, bir neçə önəmli sənəd imzalanıb. Əsas odur ki, bizim aramızda yaranan qarşılıqlı etimad, əminəm ki, Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli rol oynayacaq.

O ki qaldı, iqtisadi əlaqələrə, burada istifadə olunmamış çox böyük potensial var. Bu gün biz bu barədə fikir mübadiləsi apardıq, gördük ki, bu il ticarət dövriyyəsinin artmasına baxmayaraq, mütləq rəqəmlər bizi qane edə bilməz. Xüsusilə Azərbaycanın Ukraynaya ixracı birtərəflidir, yəni bu, enerji daşıyıcıları əsasında formalaşır. Biz çox istərdik ki, Ukraynaya ixracımızı şaxələndirək və bu məqsədlə bir neçə addım atılmışdır, o cümlədən keçən il Kiyevdə Azərbaycanın ticarət evi açılmışdır. Hesab edirəm ki, belə ticarət evlərinin sayı çox olmalıdır və bu gün Bakıda Ukraynanın ticarət mərkəzi açılmışdır. Bu da çox gözəl hadisədir.

Beləliklə, qarşılıqlı ticarətin təşviqi üçün çox önəmli addımlar atılacaq. Eyni zamanda, hesab edirəm ki, biz sərmayə qoyuluşu məsələlərində yeni mərhələyə qədəm qoya bilərik. Son 15 il ərzində Azərbaycana 270 milyard dollar sərmayə qoyulubdur. Bu sərmayənin yarısı xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmizdə çox gözəl investisiya iqlimi vardır, xarici investorların maraqları və buraya qoyulan vəsait dövlət tərəfindən qorunur. Ukraynada da investisiya iqlimi yaxşılaşır. Biz bunu görürük və böyük investisiyalarla, özəlləşdirmə ilə bağlı böyük planlar var. Bu barədə biz Prezidentlə danışdıq, hesab edirəm ki, Azərbaycan şirkətləri müxtəlif investisiya layihələrində fəal iştirak etməlidirlər. Biz razılaşdıq ki, gələn ilin əvvəlində Ukraynada hökumətlərarası birgə komissiyanın iclası keçiriləcək. Biz bu komissiyanın iclasına ciddi hazırlaşmalıyıq. İclasda həm dövlət qurumlarının, həm də özəl sektorun nümayəndələri iştirak etməlidirlər. Bu komissiyanın işinin konkret nəticələri olmalıdır və ondan sonra bizə məruzə edilməlidir.

Biznes dairələri çox həssasdır. Onlar adətən sərmayə qoyuluşu məsələlərinə çox böyük həssaslıqla, ehtiyatla yanaşırlar və dövlət qurumlarından müvafiq siqnallar gözləyirlər. Hesab edirəm ki, bizim Prezident Zelenski ilə bu biznes forumda birgə iştirakımız biznes dairələrinə ən gözəl siqnaldır. Hesab edirəm ki, onlar da bunu düzgün başa düşməli və nəticə çıxarmalıdırlar. Nəticə də o olmalıdır ki, bizim iqtisadi əlaqələrimiz daha sıx olsun. Əməkdaşlıq üçün çox geniş imkanlar vardır. Mən sərmayə qoyuluşunu qeyd etdim, eyni zamanda, həm Azərbaycanda, həm də Ukraynada turizm sahəsində böyük imkanlar var. Bizim ölkələrimizin çox zəngin, füsunkar təbiəti, inkişaf etmiş infrastrukturu var, ona görə bu sahəyə də diqqət yetirilməlidir.

Kənd təsərrüfatında əməkdaşlıq uğurla davam etdirilə bilər. Bugünkü əməkdaşlığın səviyyəsi, əlbəttə ki, bizi qane edə bilməz. Bütövlükdə bütün sahələrdə biz əməkdaşlığa açığıq və hesab edirəm ki, səfərin bu məsələlərin həllində çox önəmli rolu olacaqdır.

O ki qaldı, Azərbaycanda iqtisadi vəziyyətin inkişafına, ukraynalı qonaqlara bildirməliyəm ki, - artıq bunu qeyd etdim, - ölkəmizdə investisiya iqlimi çox müsbətdir və qoyulan sərmayənin həcmi bunu əyani şəkildə göstərir. Son 15 il ərzində Azərbaycanda iqtisadi artım çox sürətlə gedib, deyə bilərəm ki, iqtisadiyyat üç dəfədən çox artmışdır. Yəni, ümumi daxili məhsul 300 faizdən çox artmışdır və əlbəttə, bu, imkan verdi ki, biz həm iqtisadi gücümüzü artıraq, həm də infrastruktur layihələrini icra edək. Əgər 15 il bundan əvvəl yoxsulluq təxminən 50 faiz səviyyəsində idisə, bu gün bu, 5 faiz səviyyəsindədir. Yəni, bu, onu göstərir ki, təbii resurslardan əldə edilmiş gəlirlər cəmiyyətdə bərabər şəkildə bölünür və cəmiyyətin hər bir təbəqəsi bundan fayda görür.

Bu il biz çox ciddi sosial paket təqdim etdik. Əhalimizin təxminən yarısı – 4 milyon 200 min nəfər geniş sosial paketlə əhatə olundu, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər isə 100 faiz artırıldı və Azərbaycan dövləti öz siyasətinin mahiyyətini bir daha göstərdi. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, sosial layihələrə yönəldirik. Eyni zamanda, təbii ki, infrastruktur layihələri də önəmli yer tutur.

Biznes mühitini xarakterizə etmək üçün bildirməliyəm ki, Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Bu, o deməkdir ki, geniş özəlləşdirmə prosesi artıq tamamlanmaq üzrədir. Dövlətin inhisarında yalnız strateji aktivlər qalıbdır. Məsələn, Dövlət Neft Şirkəti - bizim enerji şirkətimiz, su şirkətimiz, yol tikintisi şirkəti, dəmir yolu, Xəzər Gəmiçiliyi, AZAL - bizim hava yolları və bir neçə başqa şirkət. Onlardan başqa bizim bütün digər qurumlarımız özəl sektorda fəaliyyət göstərir və əlbəttə ki, bu, xarici investorlar üçün də çox gözəl iqlim yaradır.

Son dövrlərdə vergi və gömrük orqanlarında aparılan islahatlar bu sahələrdə öz nəticəsini verməkdədir. Ölkəmizdə bu sahələr çox problemli sahələr idi. Amma son bir neçə il ərzində çox ciddi islahatlar aparıldı və artıq bu sahələr şəffaflaşdı və biznes dərhal müsbət reaksiya verdi. Bu ilin 11 ayında vergi və gömrük orqanları xəzinəyə plandan əlavə təqribən 600 milyon dollar vəsait daxil etmişlər. Xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada doqquzuncu yerdədir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır. Yəni, biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Bu yaxınlarda Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatına görə Azərbaycan təmiz donor ölkəsinə çevrilibdir. Yəni, biz indi borc alan ölkə deyil, borc verən ölkəyik. Biz özümüz də xarici ölkələrə sərmayə qoyuruq. Bu sərmayələr 20 milyard dollardan artıqdır. Bizim təşəbbüsümüzlə bölgədə çox önəmli enerji və nəqliyyat layihələri həyata keçirildi. Bu layihələrin həyata keçirilməsində xarici banklar, Avropa bankları, Asiya bankları bizə öz maliyyə dəstəyini göstərdi. Biz bu dəstək və daxili resurslarımız hesabına Xəzər dənizini neft kəmərləri ilə Qara dəniz və Aralıq dənizi ilə birləşdirdik. Eyni zamanda, Azərbaycandan Avropaya uzanan 3 min 500 kilometrlik qaz xətti artıq tamamlanmaq üzrədir. Gələn il biz bunun açılışını qeyd edəcəyik və beləliklə, Azərbaycan nəinki neft ixracatçısı, eyni zamanda, qaz ixracatçısı kimi dünyada öz sözünü deyəcək.

Bununla paralel olaraq biz artıq elektrik enerjisini də ixrac edirik, o cümlədən Avropaya. Artan enerji generasiya güclərimiz imkan yaradır ki, - təbii ki, biz daxili tələbatımızı ödəmişik, - başqa ölkələrin enerji təhlükəsizliyinə də töhfə veririk.

Bu gün müzakirə olunan məsələlərdən biri də nəqliyyatla bağlıdır və burada da əməkdaşlıq üçün çox geniş imkanlar var. Biz Ukraynanın nəqliyyat infrastrukturunu Azərbaycanın nəqliyyat infrastrukturu ilə birləşdirə və vahid tarif siyasəti apara bilsək, hesab edirəm ki, ölkələrimizin ərazisindən keçən yükdaşımaların həcmi kəskin artacaq. Biz keçən ilə nisbətən artımı görürük, ancaq hesab edirik ki, bu, daha da təsirli ola bilər.

Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Amma buna baxmayaraq, biz çox böyük investisiya layihələri ilə Azərbaycanı beynəlxalq nəqliyyat-logistika mərkəzlərindən birinə çevirdik və ərazimizdən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim bu rolumuzu artırır. Bu layihələr sonrakı digər layihələrə də təkan verdi, o cümlədən Şimal-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizi layihələri. Yəni, bütün bu yollar Azərbaycan ərazisindən keçir. Bu layihələr sırf iqtisadi və nəqliyyat layihələri deyil, geniş mənada beynəlxalq əməkdaşlığa da öz töhfəsini verir. Çünki bu dəhlizlər üzərində yerləşən ölkələr təbii müttəfiqlər statusuna qalxırlar. Beləliklə, bu layihələr, o cümlədən təhlükəsizliyə, əmin-amanlığa, qarşılıqlı anlaşmaya da xidmət göstərir. Hesab edirəm ki, bütün bu müsbət əsasları nəzərə alaraq biz qısa müddət ərzində həm ticarət dövriyyəmizi artıra, həm də böyük sərmayə qoyuluşu layihələrini icra edə bilərik. Beləliklə, bu biznes forumun konkret nəticələri olacaqdır. Biz bunu arzulayırıq, buna inanırıq. Azərbaycan və Ukrayna iş adamlarına uğurlar arzulayıram. Sağ olun.

SƏNƏDLƏRFərmanlar10 iyul 2020
23:50
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 2 iyun tarixli 126-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 2 iyun tarixl...

10 iyul 2020, 23:50
SƏNƏDLƏRQanunlar10 iyul 2020
23:48
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Prokurorluq haqqında”, “İcra məmurları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İcra haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Ələt azad iqtisadi zonası haqqında” və “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan ...

10 iyul 2020, 23:48
SƏNƏDLƏRQanunlar10 iyul 2020
23:47
“Onkoloji yardım haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Atçılıq haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 m...

10 iyul 2020, 23:47
SƏNƏDLƏRFərmanlar10 iyul 2020
23:45
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Seçki Məcəlləsində, Mənzil Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 114-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiq edilməsi barədə” 2003-cü il 3 iyun tarixli 875 nömrəli və “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 253-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2011-ci il 22 dekabr tarixli 550 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məc...

10 iyul 2020, 23:45