27 dekabr 2019, 11:05

Mirnazim Ağayev və Yusif Sarıyevdən, Saatlı, Azərbaycan

Möhtərəm cənab Prezident.

İlk növbədə, doğum gününüz münasibətilə Sizi Saatlı rayonunun Orta Muğan kəndinin əməkçiləri adından səmimi qəlbdən təbrik edir, Sizə və ailənizə ən xoş arzularımızı çatdırırıq.

Respublikamızın bütün bölgələri kimi, Saatlı rayonunun da sosial-iqtisadi və mədəni inkişafı, əhalinin rifahının yüksəldilməsi ilə bağlı mühüm layihələrin reallaşmasında rayonumuza həmişə doğma, isti münasibətinizin şahidi olmuşuq. Pambıqçılıq mövsümünün yekunları və qarşıda duran vəzifələrlə bağlı bu yaxınlarda keçirilən müşavirədə biz bunun bir daha şahidi olduq. Uzun illər rayonumuzda mövcud olmuş su probleminin həlli ilə bağlı irəli sürülən təklifə - Kür çayından yeni kanalın çəkilməsi məsələsinə böyük həssaslıqla yanaşmağınız və bu layihə barədə dərhal aidiyyəti qurumlara tapşırıqlar verməyiniz rayonun hər bir sakininin hədsiz sevincinə səbəb oldu.

Möhtərəm cənab Prezident, “su həyatdır” deyiblər. Qoy, ömrünüz su kimi aydın və uzun olsun. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və Azərbaycanın tərəqqisi naminə misilsiz fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.

Hörmətlə,

Ağayev Mirnazim

Sarıyev Yusif.

Azərbaycan Respublikası, Saatlı rayonu, Orta Muğan kəndi.