13 dekabr 2019, 13:00

Elşən Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən 10 ildən artıqdır ki, sahibkar kimi fəaliyyət göstərirəm. Çoxsaylı həmyaşıdlarımdan fərqli olaraq, gənc yaşlarımdan sahibkarlıq fəaliyyətinə marağım son illər ölkəmizdə bu sahənin inkişafına ciddi dövlət qayğısı və münbit şəraitin formalaşması ilə bağlıdır. Cəmiyyətdəki mövqeyindən, fəaliyyətindən, yaşından, cinsindən asılı olmayaraq, hər bir şəxs ölkəmizin inkişafındakı rolunu düzgün başa düşəndə və bu istiqamətdə dayanmadan çalışanda həm ümummilli, həm də şəxsi hədəflərə nail olunur. Əgər bunun üçün ideal bir şərait qurulursa, hər bir kəsə öz fikrini və ideyasını çatdırmağa imkan yaradılırsa, bu prosesin səmərəsi daha da artır.

2019-cu il Azərbaycanın siyasi-iqtisadi mühitində bir çox yeniliklər və müsbət məqamlarla yadda qalmaqdadır. Sizin iradəniz və uzunmüddətli hədəflərə istiqamətlənən siyasətiniz nəticəsində bir sıra islahatların canlı şahidinə çevrilmişik. Bu islahatların əsasında Sizin, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın daim xalqın, cəmiyyətin yanında olaraq onların fikir və düşüncələri ilə yaxından maraqlanmağınız dayanır. Bir vətəndaş olaraq buna görə Sizə təşəkkürümü bildirirəm.

Bütün bu müsbət dəyişikliklər fonunda biz vətəndaşların da məsuliyyəti artır. Açıq kommunikasiya müasir texniki və iqtisadi trendlərə əsaslanan sahibkarlıq təşəbbüslərinin də artmasına münbit şərait yaradacaq. Daha da təkmilləşdiriləcək müzakirə platforması və qərarvermə prosesi ölkəmizdə vətəndaş, xüsusən də sahibkar məmnunluğunu daha da artıracaq. Mən inanıram ki, hazırda sürətlə davam edən islahatlar bunun üçün istər qanunvericilik, istər infrastruktur, istərsə də Sizlərin iradəsi sayəsində mənəvi baxımdan maksimum şərait yaradacaq.

Gənc sahibkar olaraq mən də öz bilik və təcrübəmlə bu proseslərə dəstək vermək, onların fəal iştirakçısı olmaqda böyük marağımın və istəyimin olduğumu nəzərinizə çatdırmaq istəyirəm. Düşünürəm ki, müasir texnoloji və ümumilikdə qlobal trendləri izləməklə, gəncləri lazımi bilik və alətlərlə təmin etməklə Azərbaycanda gənclərin sahibkarlıq fəaliyyətinin artırılması, bundan əlavə, qadınların, fiziki məhdudiyyətli şəxslərin də sahibkarlıq fəaliyyətinə cəlb olunması ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına böyük töhfəsini verəcəkdir. Bunun üçün bütün istiqamətlərdə təşəbbüslərimi davam etdirəcək və ümid edirəm ki, Sizin rəhbərliyinizlə sürətlə inkişaf edən ölkəmizin uğurlu gələcəyi üçün az da olsa töhfə verə biləcəyəm.

İnanıram ki, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləriniz nəticəsində hazırda uğurla aparılan, biznes ictimaiyyəti də daxil olmaqla, həmvətənlərimiz tərəfindən böyük diqqət və inamla izlənilən islahatlar ölkəmizin gücünü və qüdrətini daha da artıracaq.

Şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov Elşən Sabir oğlu, “Brend Media Company”nin direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.