07 dekabr 2019, 12:25

Yamən Məmmədovdan, Bərdə, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Şəxsən öz adımdan və yaxın qohumlarım adından Sizi səmimi qəlbdən salamlayıram. Bu məktubu yazmaqda məqsədim Sizə təşəkkürümü bildirməkdir.

Mən əslən Ağdam rayonundanam. Hazırda Bərdə rayonunun Xanərəb kəndində məcburi köçkün həyatı yaşayıram. Əli qabarlı zəhmətkeş bir insanam. Öz halal zəhmətim və Sizin məcburi köçkünlərə olan qayğınız hesabına normal yaşayışa sahibəm.

Sumqayıt şəhərinin və Bakı Dövlət Universitetinin yubileyləri münasibətilə keçirilən tədbirlərdəki çıxışlarınızı diqqətlə dinlədim. Vaxtilə Azərbaycan hakimiyyətində rəhbər vəzifələr tutmuş, ölkəmizi anarxiyaya, xaosa sürükləmiş, indi isə müxalifət cərgələrində yer almış şəxslərin ünvanına səsləndirdiyiniz fikirləri bir vətəndaş olaraq dəstəkləyirəm. Çünki biz o dövrdə baş verən hadisələrin canlı şahidləriyik. Həmin insanların hansı məsləkin sahibi olduqlarını çox yaxşı bilirik. Onlar boş-boş sözləri ilə xalqımızı daha aldada bilməzlər.

Cənab Prezident, biz hər zaman Sizinləyik. Xalq real işlərə qiymət verir və Sizin gördüyünüz işlər göz qabağındadır. Gələcək fəaliyyətinizdə də Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov Yamən, Ağdam rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bərdə rayonu, Xanərəb kəndi.