20 noyabr 2019, 18:30

Aynurə Qafarova və Sahil İskəndərovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Sərəncamınıza əsasən, biz “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşük.

Bizim media sahəsində kiçik zəhmətimizi belə yüksək qiymətləndirdiyinizə görə icazə verin, ilk növbədə, Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirək. Eyni zamanda, bu mükafatın şəxsən bizə yox, yarandığı gündən ulu öndər Heydər Əliyevin və Sizin Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmlənməsi istiqamətində apardığınız siyasətə dəstək verən, bu siyasəti təbliğ edən, onun mahiyyətini ölkə və dünya ictimaiyyətinə dolğun şəkildə çatdıran “Lider” Televiziyasının kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirək.

Möhtərəm cənab Prezident, biz onu da minnətdarlıq hissi ilə qeyd etmək istəyirik ki, fəxri ada layiq görülməyimizi Sizin ölkəmizdə kütləvi informasiya vasitələrinin və söz azadlığının inkişafı yönündə apardığınız siyasətin növbəti təzahürü kimi qiymətləndiririk. Bu müstəvidə Sizin dünyada indiyədək analoqu olmayan addımınız – jurnalistlər üçün inşa olunmuş binalarda media işçilərinə mənzillər hədiyyə etməyiniz və bununla da yüzlərlə jurnalistin sosial-məişət problemini aradan qaldırmağınız bütün yaradıcı insanlarda Sizə qarşı xüsusi hüsn-rəğbət qazandırıb. Bu addımın ən təqdirəlayiq məqamı isə bu məsələdə müxtəlif siyasi əqidəli media təmsilçilərinin hamısına eyni yanaşma nümayiş etdirməyinizdir. Əsl liderə xas olan bu keyfiyyətiniz biz jurnalsitlərə həyat fəlsəfəmizin formalaşmasında ən bariz örnəkdir. Bu mənada, Sizin daim jurnalistləri dostunuz kimi qəbul etməyiniz bizdə böyük fəxarət hissi yaradır.

Çox hörmətli Prezident, bizi fəxri ada layiq görməyiniz özlüyündə Sizin daim bacarıqlı gənclərin irəli çəkilməsi və orta yaşlı nəslin təcrübəsinin gənclərin təkmilləşməsində düzgün istifadə olunması siyasətinin ən vacib tərkib hissəsinin növbəti inikasıdır ki, bu da bizi yeni yaradıcılıq uğurlarına ruhlandırır. Bütün bu reallıqlar fonunda biz media işçiləri Sizin doğma Azərbaycanımızın inkişafı və qüdrətinin artırılması, habelə xalqımızın rifahının davamlı şəkildə yüksəldilməsi istiqamətində apardığınız siyasətin nəticələrini, bu yöndə üzərinizə götürdüyünüz məsuliyyətli vəzifəni ləyaqətlə yerinə yetirdiyinizi ölkə ictimaiyyətinə çatdırmağı özümüzün yalnız peşə yox, həm də vətəndaşlıq borcumuz sayırıq. Bu həm də böyük jurnalistlər ordusunun Komandanı olan Prezident İlham Əliyev qarşısında müsəlləh əsgər borcumuzdur.

Möhtərəm cənab Prezident, bu məktubumuzla şəxsən bizim və “Lider” Televiziyası kollektivinin Sizin hər bir tövsiyənizi ləyaqətlə yerinə yetirməyə hazır olduğunu diqqətinizə çatdırmaq istəyirik. Bir daha Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Sağ olun. Ulu Tanrı Azərbaycanımızı və Sizi qorusun.

Dərin hörmət hissi ilə,

Qafarova Aynurə Vəli qızı,

İskəndərov Sahil Məmməd oğlu, “Lider” Televiziyasının əməkdaşları.

Azərbaycan Respublikası, Bakı şəhəri.