19 noyabr 2019, 17:00

Əhliman Mansurov və başqalarından, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Uzun illər idi ki, biz susuzluqdan çox əziyyət çəkirdik. Bizim və qonşuluqdakı bir çox digər kəndlərin yeganə su mənbəyi Araz çayı idi. Bu çaydan İmişli, Füzuli, Beyləqan, Biləsuvar və Saatlı rayonları su götürdüyü üçün bizə su gəlib çatmırdı. Susuzluğa görə problemlər yaranırdı ki, bu da əhalini hədsiz narahat edirdi. Kənd əkinçiləri, belə demək mümkünsə, çörəksiz qalmışdı.

Sizin tapşırığınızla 2015-2018-ci illərdə Kür çayından 30 kilometr uzunluğunda beton kanal çəkildi. Bunun nəticəsində 2019-cu il mövsümündə Moranlı, Sarxanbəyli və Bala Həşimxanlı kəndləri üzrə 1667 hektar sahədə pambıq əkildi. Yeni çəkdirdiyiniz “H” kanalı vasitəsilə biz həmin sahələri rahatlıqla arat etdik və əkdiyimiz pambığı təxminən üç dəfə suvara bildik. Bunun nəticəsidir ki, biz indiyədək hər hektardan 37 sentner olmaqla, 6167 tondan çox pambıq tədarük etmişik. Bu, Sabirabad rayonu üzrə indiyədək tədarük edilən pambığın 26 faizini təşkil edir. Bunun sayəsində camaatımız yaxşı qazanc əldə edibdir.

Cənab Prezident, bu, Sizin yaratdığınız əvəzsiz şəraitin nəticəsində mümkün olmuşdur. Azərbaycanın qızmar Muğan bölgəsində bizə həyat, torpaqlarımıza dirilik bəxş etdiniz. Bütün bunlara görə kəndimizin sakinləri adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Allah Sizi qorusun.

Sizi əmin edirik ki, yaratdığınız bu şərait nəticəsində kəndlilər gələn il daha çox pambıq əkəcək, daha çox məhsul yetişdirərək yüksək gəlir əldə edəcəklər. Bir daha Sizə minnətdarlığımızı çatdırırıq. Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyiniz misilsiz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Moranlı, Sarxanbəyli və Bala Həşimxanlı kəndlərinin sakinləri adından dərin hörmət və ehtiramla,

Mansurov Əhliman Dərgah oğlu

Hüseynov Mirpaşa Qulu oğlu

Əliyev Sənan Mənaf oğlu

Qarayev Maarif Arif oğlu

İbadov Amil İsmayıl oğlu və başqaları (cəmi : 56 nəfər).

Azərbaycan Respublikası, Sabirabad rayonu.