19 noyabr 2019, 11:30

Fikrət Abdullayev və başqalarından, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident.

Respublikamızın hər yerində gedən quruculuq işlərindən və infrastruktur layihələrinin icrasından bizə də pay düşüb. Sizin Sərəncamınıza uyğun olaraq kəndimizə müasir asfalt yolun çəkilişi həyata keçirilib. Yolun çəkilişi Mıxlıqovaq, Yemişanlı, Uludaş, Tikanlı və Abrıx kəndlərini əhatə etməklə, bu kəndlərin sakinlərinin rahat hərəkətini təmin edir. Belə bir layihənin həyata keçirilməsi əhalinin maddi vəziyyətinin yaxşılaşmasına, həmçinin kəndlərdə yetişdirilən kənd təsərrüfatı məhsullarının rahat və itkisiz daşınmasına şərait yaradır. Bundan başqa, kəndimizin içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün subartezian quyusu qazılıb ki, bu da sakinlər tərəfindən böyük sevinc və razılıq hissi ilə qarşılanıb.

Tikanlı kəndi də daxil olmaqla, 11 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən yolda Bum çayı üzərində körpünün tikilməsi ilə əlaqədar verdiyiniz Sərəncam neçə illərdir xəyal kimi təsəvvür etdiyimiz layihənin artıq gerçək olması deməkdir.

Cənab Prezident, biz kənd sakinləri görülən işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin siyasətinizi daim dəstəkləyirik.

Kənd sakinləri adından hörmətlə,

Abdullayev Fikrət Cavanşir oğlu

Rəfiyev Azər Sədri oğlu

Bayramov Dursun Əhmədalı oğlu

Qasımov Şöyüb Dəmir oğlu

Qocayev Rövşən Göygöz oğlu və başqaları (cəmi: 20 nəfər).

Azərbaycan Respublikası, Qəbələ rayonu, Tikanlı kəndi.