14 noyabr 2019, 17:55

Bəradər Xanəliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Məhz Sizin diqqət və qayğınız nəticəsində inkişaf edən Azərbaycan səhiyyəsini 20 il əvvəlki vəziyyəti ilə müqayisə etdikdə əldə olunan uğurları görmək olur. Ölkənin səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Son 10 il ərzində respublikada ölüm göstəricisi azalmış, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlmişdir.

Bu yaxınlarda gəlinim Sima Azadova kəskin diaqnozla 7 saylı Doğum Evinə yerləşdirildi. Körpənin inkişafı zəif olsa da, lazımi müayinə və müalicələr həyata keçirildi. Xəstəxanada müasir standartlara cavab verən şəraitin və avadanlığın olması, peşəkar həkimlər sayəsində gəlinim və nəvəm evimizə sağlam qayıtdılar.

Cənab Prezident!

Əlbəttə, bütün bunlar Sizin Azərbaycan səhiyyəsinə diqqət və qayğınızın bariz nümunələridir. Buna görə ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Xanəliyev Bəradər Seyfulla oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.