14 noyabr 2019, 15:55

Oruc Əliyevdən, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin aqrar sahəyə göstərdiyiniz diqqət və qayğı sayəsində kənd təsərrüfatı inkişaf edir, xüsusilə kiçik bizneslə məşğul olan insanların maddi rifahı günü-gündən yaxşılaşır. Təsadüfi deyil ki, kənd təsərrüfatına maraq ildən-ilə artır.

Mən 40 ildən çoxdur ki, bal istehsalı ilə məşğul oluram. Sizin tapşırığınızla "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən təşkil olunmuş Arıçılıq məhsullarının Respublika sərgi-satış yarmarkasında iştirak etdim. Bu il arıçılıq məhsullarının satışı üçün yaradılan şərait həm satıcıları, həm də alıcıları məmnun etdi. Burada yaradılan şərait bizi daha çox işləməyə, məhsullarımızı xarici bazarlara çıxarmağa ruhlandırdı.

Hörmətli Prezident,

Kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğı kəndlilərin rifahını yaxşılaşdırır, ölkə vətəndaşlarının təbii kənd məhsulları ilə təminatına şərait yaradır. Bu uğurların arxasında Sizin gərgin əməyiniz, yorulmaz fəaliyyətiniz durur. Biz də gələcək nəsillərin daha sağlam yaşaması, xalqımızın təmiz məhsullarla qidalanması üçün əməyimizi əsirgəməyəcəyik. Biz arıçılar Sizin qayğınıza işimizlə cavab verəcək, xalqımızın sağlam həyat sürməsi naminə təmiz məhsullar istehsal edəcəyik.

Sizə və ailə üzvlərinizə uzun ömür və cansağlığı arzu edirəm.

Hörmətlə,

Əliyev Oruc Saleh oğlu

     Azərbaycan Respublikası, Tərtər rayonu .