09 noyabr 2019, 15:00

Ramazan Xutradan, Balakən, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz dövlətimizin başçısı seçildiyiniz ilk gündən hər kəsin Prezidenti olmağı, bununla da hamının ehtiramını qazanmağı bacardınız. Sizin şəxsinizdə sabitliyə, yüksəlişə və sosial təminata zamin duran güclü rəhbərimizi gördük. Sizin gücünüz xalqla birliyinizdədir. Bu birlik bizi yeni uğurlara ruhlandırır, Vətənimizi daha da inkişaf etdirir.

Möhtərəm cənab Prezident, Siz ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müasir Azərbaycan adlı şah əsərin çox qiymətli səhifələrini yazırsınız. Onun şöhrəti bütün dünyaya yayıldıqca, Sizin də şərəfli adınız dillərdə dastan olur. Apardığınız məqsədyönlü islahatlar ürəyimizcədir. Beynəlxalq miqyasda cəsarətli söz və əməl sahibi olmağınız bizi daha da qürurlandırır.

Azad və güclü dövlətin vətəndaşı olmaq çox şərəflidir. Bu şirin neməti bizə bəxş etdiyinizə görə çox sağ olun.

Mən də bir şair, yaradıcı şəxs kimi gündən-günə çiçəklənən doğma Azərbaycanımızı, onun gözəl guşəsi olan Balakənimizi sevə-sevə tərənnüm edirəm.

Cənab Prezident, Sizin tarixi səfərlərinizin, diqqətinizin bəhrəsidir ki, Balakənimizin siması başdan-başa dəyişir, insanların rifah halı yaxşılaşır. Bu, mənə yeni-yeni yaradıcılıq uğurları qazanmağa stimul verir.

Rusiya Federasiyasının Soçi şəhərində keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışınız zamanı Ermənistan baş nazirinin cəfəng bəyanatına cavab olaraq dediyiniz “Qarabağ Azərbaycandır və nida işarəsi” sözlərindən ilhamlanaraq yazdığım şeri Sizə təqdim edirəm. Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram.

Mənfur düşmən, bir nidayla xülyaların oldu viran,

Bilmirdin bəs, alov qopar ildırımlar çaxan zaman?

Yaman yerdə yaxalandın, axşamladın yaman yerdə,

Qafil, axı, nöqtə filan keçməz nida olan yerdə.

O anda ki, cavabında Azərbaycan Prezidenti,

Cəsarətlə: Qarabağ Azərbaycandır, nida – dedi,

Elə tutdu o nidalı sözdən dəyən sillə səni,

Daha dilə gətirməzsən sən Qarabağ kəlməsini!

Zal titrədən bu gur nida dildə adi şüar deyil,

Bir Ali Baş Komandanın qəsbkara cəngidir, bil.

Hər kişinin işi deyil siyasətdə nida demək,

Ona güclü, tarix yazan şəxsiyyətlər qadirdir tək.

Nida nədir? – Haqq-ədalət carçısının var səsidir;

Qətiyyətli mövqeyini dünyaya car etməsidir.

Azərbaycan! Bəxtəvərsən! Adın gəzir diyar-diyar:

Ən mötəbər kürsülərdən nida deyən İlhamın var.

Nida onun əqidəsi, həyatının mənasıdır;

Amalıyla qazandığı şöhrət, şərəf dünyasıdır.

Əzəl gündən nidasıdır insanların rifah halı,

Nidasıyla cənnət olur Vətənimin hər mahalı.

Nidasıydı: Hər bir kəsin Prezidenti olmaq andı,

Özü xalqa arxalandı, arxasında xalq dayandı.

Azad ölkə, güclü dövlət, varlı həyat arzu-kamı.

Kürəyini el dağına söykəyən kəs basılarmı?

Milyonların ürəyidir sinəsində döyünürdü,

Öz Vətəni, öz xalqıdır iftixarla öyündüyü.

O hər dövrün iqtidarı, şanlı ölkə bayraqdarı!

Qələbələr əzmindədir Ulu Öndər yadigarı.

Hər qərarı ədalətli, hər imzası, hökmü nida,

Gördü bəşər, İlham adlı həqiqət var bu dünyada!

Hörmətlə,

Xutra Ramazan, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Azərbaycan Respublikası, Balakən rayonu.