07 noyabr 2019, 14:00

Nizami İsgəndərovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Azərbaycana rəhbərlik etdiyiniz 16 il ərzində dövlət müstəqilliyimizin dayanıqlı və möhkəm olması, xalqımızın rifah halının yüksəldilməsi üçün misilsiz işlər görməyiniz bütün sahələrdə özünü aydın şəkildə göstərməkdədir. Vicdanına sığınan heç bir kəs bunları inkar edə bilməz. Son günlər ölkəmizdə apardığınız islahatlar və məmurlar qarşısında qoyduğunuz prinsipial tapşırıqlar xalqın Sizə etimadını və inamını daha da artırıb, cəmiyyətimizə, insanlara yeni nəfəs verib.

Sahibkarlara dəstəklə bağlı son çıxışlarınız bizi ruhlandırır və fəaliyyətimizi genişləndirmək üçün motivasiyamızı artırır. Yüksək vəzifəli məmurlara ciddi tapşırıqlar verməyinizi, bəzilərinə isə xəbərdarlıq etməyinizi maliyyə və iqtisadi şəffaflığın təminatına səbəb olan amil kimi görür və yüksək qiymətləndiririk. Təbii ki, bu da Sizin ölkə iqtisadiyatının inkişaf etdirilməsində və rəqabətədavamlılığın yüksəldilməsində, ümumi daxili məhsulun artırılmasında, xalqın maddi rifah halının yaxşılaşdırılmasında nə qədər maraqlı, nə qədər prinsipial olduğunuzu göstərir.

Hörmətli cənab Prezident, dövlətimizin inkişafı və xalqımızın parlaq gələcəyi üçün hər bir məsələyə həssas yanaşmağınız, ölkəmizdə kiçik və orta biznesin irəli aparılması, azad rəqabət mühitinin təmin edilməsi, islahatların həyata keçirilməsi üçün perspektivli və bilikli gəncləri mühüm dövlət postlarına təyin etməyiniz biz sahibkarların sabaha ümidini artırır ki, bu da özlüyündə müsbət tendensiya hesab olunur. Heç şübhəsiz ki, bu işlə dövlətlə sahibkarlar arasında sıx dostluq bağları formalaşır.

Bütün bunlara görə “Sumqayıt Ticarət Mərkəzi” ASC-nin rəhbərliyinin və ticarət mərkəzimizdə fəaliyyət göstərən 440 sahibkar adından Sizə minnətdarlığımızı bildiririk. Uca Tanrı hər zaman yardımçınız olsun.

Dərin hörmətlə,

İsgəndərov Nizami Zaman oğlu, “Sumqayıt Ticarət Mərkəzi” ASC-nin Müşahidə Şurasının sədri.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.