07 noyabr 2019, 11:05

Mehparə Quliyevadan, Bərdə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz məcburi köçkünlər dövlətimizin qayğısını hər zaman öz üzərimizdə hiss etmişik. Bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müavinətlə təmin edilmələri və imtiyazlarla əhatə olunmaları bunun əyani sübutudur.

Bu ilin iyununda həyat yoldaşım vəfat etdikdən sonra ailəmizin maddi təminatı bir qədər çətinləşmişdi. Dörd nəfərdən ibarət ailəni təkbaşına dolandırmaq əlbəttə ki, bir qadın üçün asan deyildir. Gəncə Dövlət Universitetini yeni bitirmiş böyük qızımın müraciətimiz əsasında işlə təmin edilməsi bizə böyük dəstək oldu. Buna görə mən, ilk növbədə, Sizə təşəkkür etməyi özümə borc bildim. Çünki Siz ölkəmizdə gənclərin təhsil almaları, işlə təmin olunmaları, özlərinə yaxşı həyat qurmaları üçün geniş imkanlar yaratmısınız.

Əziz Prezidentimiz, həm məcburi köçkün, həm də işlə yeni təmin olunmuş sevincli gənc bir qızın anası kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizə hər zaman övladlarınızın xoş gününü görməyi, xoş sorağını eşitməyi qismət eləsin.

Hörmətlə,

Quliyeva Mehparə Ədəb qızı, Ağdam rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bərdə rayonu, Şorəlli kəndi.