06 noyabr 2019, 19:00

İdrak Nəcəfovdan, Şəki, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin həyata keçirdiyiniz düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü və modern ordusuna sahibdir. Artıq ordumuzun mükəmməl idarə olunması, döyüşlər zamanı müxtəlif qoşun növləri arasında əlaqələrin koordinasiya edilməsi üçün müasir, intellektual komanda-idarəetmə mərkəzi də var.

Cənab Prezident, Siz tez-tez cəbhə bölgəsində olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanırsınız. Sizin hərbçilər arasında olmağınız həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilindəki məsələləri öyrənib həll olmasına şərait yaradır. Bütövlükdə, ordu-rəhbər birliyi, ordu-xalq birliyi özünün yüksək səviyyədə vəhdətini tapıb.

Möhtərəm cənab Prezident, bu il oktyabrın 4-də övladımı hərbi xidmətə yola salmışam. Bir müddət sonra Gəncə şəhərində yerləşən hərbi hissədə övladımla görüşə getdim. Hərbi hissədə təmizlik və səliqə-sahman yüksək səviyyədədir. Övladımın mənə dediklərindən belə qənaətə gəlmək olar ki, zabit və gizir heyəti peşəkarlığı ilə seçilir. Hərbi hissənin rəhbərliyi təzə əsgərlərlə mütəmadi olaraq maraqlanır və onları nəzarətdə saxlayır.

Cənab Prezident, belə nümunəvi komandanlığa görə, ilk növbədə, Sizə təşəkkürümü bildirirəm. Sizin bəyan etdiyiniz kimi, Azərbaycan bir qarış torpağını belə düşmənə güzəştə getməyəcək, öz torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Azərbaycan öz torpağını, işğal edilmiş ərazilərini azad etmək istəyir. Bu məsələ sülh yolu ilə həllini nə qədər tez tapsa, düşmən üçün o qədər yaxşı olar. Çünki artıq Azərbaycanın qüdrətli ordusu və qətiyyətli, prinsipial mövqeyi var. Ermənilər və onların havadarları dərk etməlidir ki, Azərbaycanın gücü kifayət qədərdir, səbri isə tükənməz deyil.

Hörmətlə,

Nəcəfov İdrak Rəfayıl oğlu.

Azərbaycan Respublikası, Şəki şəhəri.