17 oktyabr 2019, 14:55

Arzu Xəlilovadan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu ilin əvvəlindən Sizinlə bölüşmək istədiyim fikir və arzularımı axır ki, qələmə ala bildim. Sizin bir çox fərmanlarınız biz şəhid ailələrini yaşayıb-yaratmağa, mübarizə aparmağa bir daha ruhlandırdı. Dövlət tərəfindən şəhid ailələrinin mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin daha da yaxşılaşdırılması, ümumiyyətlə etibarlı sosial müdafiənin layiqincə təmin edilməsi, on bir min manatlıq birdəfəlik ödəmənin verilməsi və aylıq təqaüdün artırılması buna əsas sübutdur.

Mən bu məktubu yazarkən tək deyildim. Ətrafımda bir neçə qonşu qadın da var idi. Biz fəxr edirik ki, ulu öndər Heydər Əliyevin bilavasitə təşkilatçılığı və qayğısı ilə qurulan Energetiklər qəsəbəsində yaşayırıq. Sizin rəhbərliyiniz ilə həyata keçirilən Dövlət proqramlarının uğurla yerinə yetirilməsi bütün regionlar kimi, Mingəçevir şəhərində də böyük inkişafa səbəb olmuşdur. Son dörd-beş ay ərzində şəhərin müxtəlif küçələrində, yaşayış binalarında əsaslı təmir işləri aparılır, binaların daxili və xarici görünüşü yüksək səviyyədə yenilənir. Məhəllələrdə işıqlandırma sistemi, uşaq-əyləncə qurğuları quraşdırılır, dekorativ ağaclar və gül kolları əkilir. Əhalinin rahatlığı üçün hər cür şərait yaradılır və nümunəvi məhəllələr salınır. Bütün bunlara görə biz bir daha Sizə təşəkkür edir və minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Xəlilova Arzu,

şəhid ailəsinin üzvü

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.