17 oktyabr 2019, 11:30

Babək Aslanov və başqalarından, Laçın, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız siyasəti, ölkə iqtisadiyyatını inkişaf etdirmək, xalqın sosial rifahını yaxşılaşdırmaq üçün həyata keçirdiyiniz islahatları bəyənir və dəstəkləyirik.

Siz Azərbaycanın ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək üçün səylər göstərməklə yanaşı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin daim artırılmasını da diqqətdə saxlayırsınız. Sizin qətiyyətli mövqeyiniz və dövlətimizin gündən-günə inkişafı bizi əmin edir ki, Azərbaycan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar tezliklə işğaldan azad olunacaq. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Sizin rəhbərliyinizlə uğurla davam etdirilən strateji yol bizi uğura aparan yoldur.

Xalqımızın Sizə etimadı və güvəni sonsuzdur. Azərbaycanın inkişafını gözü götürməyən, düşmən dəyirmanına su tökən, Vətənini, millətini satan namərdlərin fitnə-fəsad törətmək cəhdləri hər zaman puça çıxıb və bundan sonra da belə olacaqdır.

Bu gün müstəqil dövlətçiliyimizi təhdid etmək niyyətinə düşənlər iqtidarla xalq arasındaki birliyi, ölkəmizdəki sabitliyi, əmin-amanlığı poza bilməz. Öz Vətəninə, dövlətinə, Prezidentinə daim sadiq olan milyonlarla vətəndaşımız Azərbaycanın bu gününü və gələcəyini, ölkəmizin təhlükəsizliyini və davamlı inkişafını hər cür qəsdlərdən qorumağa hazırdır və qadirdir.

Laçın rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri adından hörmətlə,

Aslanov Babək Qafar oğlu

Mirzəyev Rəfayıl Rəşid oğlu

Abbasov Çingiz Miri oğlu

Nağıyev Rafiq Heydər oğlu

Qəhrəmanov Nazim Əziz oğlu və başqaları (cəmi 96 nəfər).

Azərbaycan Respublikası, Laçın rayonu.