16 oktyabr 2019, 11:15

Nasim Abışovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Məni təhsil sahəsində göstərdiyim xidmətlərə görə “Əməkdar müəllim” fəxri adı ilə təltif etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm.

Azərbaycan təhsilində qazanılmış bütün nailiyyətlərin təməlində ümummilli lider Heydər Əliyevin ideyaları, diqqət və qayğısı dayanır. Bu gün Sizin rəhbərliyiniz altında təhsil sahəsində aparılan islahatlar uğurla davam edir. Son 15 ildə Azərbaycanda 3200-dən çox məktəb binasının tikilərək istifadəyə verilməsi, məktəblərin infrastrukturunun daha da müasirləşdirilməsi, təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması sahəsində apardığınız işlər bu sahənin dövlətimiz üçün nə qədər prioritet olduğunu göstərir. Son illər ərzində Sizin sərəncamlarınızla pedaqoji işçilərin maaşı bir neçə dəfə artırılmışdır. Aparılan islahatlar nəticəsində müəllimlik ixtisasını seçən məzunların sayı ildən-ilə artır. Müəllimlərin işə qəbulu şəffaf keçirilir ki, bu da məzunlarda ali məktəbi bitirdikdən sonra müəllimlik peşəsinə yiyələnmək arzusunu daha da artırır. Təhsil işçisi olaraq təhsil sahəsində aparılan məqsədyönlü islahatlara sevinir və dəstəkləyirik.

İnanırıq ki, Sizin rəhbərliyiniz altında Azərbaycan təhsili sahəsində görülən işlər, qazanılan nailiyyətlər yaxın gələcəkdə ölkəmizin bu sahədə də dünyada tanınmasında öz sözünü deyəcəkdir.

Hörmətlə,

Abışov Nasim Əjdər oğlu,

İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyin direktoru,

pedaqogika elmləri üzrə elmlər doktoru, professor

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.