11 oktyabr 2019, 18:30

Kəmalə Qədirovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz hər zaman Sizin siyasi təfəkkürünüzə, məntiqinizə güvənmişik. Məhz bu xüsusiyyətlərinizə görə Siz dünya siyasətində hər sözü maraqla qarşılanan, ehtiram sahibi olan şəxslərdən birisiniz.

Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışınızda Siz bir müddət əvvəl Ermənistanın baş nazirinin verdiyi sərsəm bəyanatının yalan olduğunu bütün dünyaya bəyan etdiniz. “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri ilə həm erməni işğalçılarına, həm də onları dəstəkləyənlərə xatırlatdınız ki, hələ heç nə bitməyib.

Ermənistanın baş naziri belə populist ifadələrlə erməni cəmiyyəti içərisində özünə siyasi nüfuz qazanmağa çalışır. Lakin o, dərk etməlidir ki, uydurma və yalan bəyanatlar onu beynəlxalq dairələrdə daha da gözdən salır, əsl erməni xislətini qabarıq şəkildə büruzə verir.

Sizin müdrik cavabınız bütün Azərbaycan xalqı kimi, Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbin pedaqoji kollektivinin də ürəyincə oldu. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə tezliklə Qarabağı azad edəcək, erməni faşistlərini layiq olduqları cəzalarına çatdıracağıq.

Hörmətlə,

Qədirova Kəmalə Ənvər qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.