11 oktyabr 2019, 18:15

Vüqar Ağayev və başqalarından, Salyan, Azərbaycan

Çox hörmətli cənab Prezident.

İlk növbədə, bildirmək istəyirəm ki, dünyaca məşhur “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasına dəvət edilməyiniz Sizə olan böyük hörmət və ehtiramın göstəricisidir.

On beş ildir fəaliyyət göstərən, dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilən, tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verən “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasındakı çıxışınız, bütün Azərbaycan xalqının ürəyindən xəbər verən bəyanat xarakterli nitqiniz bu gün ölkənin hər yerində alqışlarla qarşılanır. Sizin çox müdrik və dərindən düşünülmüş “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” cavabınız nəinki ermənilərə, eyni zamanda, onların himayədarlarına sərt və tutarlı cavab kimi tarixə düşdü. Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına “Valday” çərçivəsində tutarlı cavab verilməsi çox effektli oldu. Sizin qətiyyətli, ifşaedici cavabı ölkədən xaricdə - Rusiya Prezidenti Vladimir Putinin, İordaniya Kralı II Abdullanın, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Filippin Prezidenti Rodriqo Roa Dutertenin iştirak etdikləri mötəbər tədbirdə verməyiniz böyük əks-səda doğurdu.

Salyan ziyalıları hesab edirlər ki, Sizin Soçidə səsləndirdiyiniz bütün fikirlər dünya ictimaiyyətinə ciddi mesaj oldu. Xalqımız bir daha gördü ki, onun rəhbəri, Prezidenti ölkəmizin və xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə qoruyur. Azərbaycanın üzləşdiyi problemin əsl mahiyyətini dünya ictimaiyyətinə bir daha çatdırdı və haqqın bizim tərəfimizdə olduğunu əsaslandırdı.

Siz bu çıxışınızla Azərbaycan diplomatiyası qarşısında yeni hədəflər müəyyənləşdirdiniz. Bu hədəflərin uğurla qət edilməsi yolunda Sizin yanınızda olduqlarını hər an sübuta yetirməyə hazır dayananlar cərgəsində Salyan ictimaiyyəti də vardır.

Salyanlılar əzəli torpaqlarımızın azad olunması yolundakı siyasi fəaliyyətinizdə Sizə daha böyük uğurlar diləməklə hər an yanınızdadır.

Hörmətlə,

Ağayev Vüqar Hamlet oğlu

Əhmədova Tamilla Rafiq qızı

Mirzəyev Mirzə Cəlil oğlu

Bədəlov Əbülfət Ağababa oğlu

Əsgərova Aynur Dadaş qızı və başqaları (cəmi 72 nəfər).

Azərbaycan Respublikası, Salyan rayonu.