10 oktyabr 2019, 13:30

Əlizadə Abbasov və İlkin Əmirlidən, Füzuli, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz - Füzuli rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri Sizin apardığınız uğurlu daxili və xarici siyasətinizi qətiyyətlə dəstəkləyirik. Müstəqil Azərbaycan Ordusunun şanlı qələbələri kimi tarixə düşən, canlı şahidləri olduğumuz Horadiz əməliyyatı və Aprel zəfəri bizim ordumuza və dövlətimizə sonsuz inamımızı, sarsılmaz birliyimizi bir daha təsdiq etdi. Biz qəti əminik ki, işğal altında olan torpaqlarımız Sizin apardığınız uğurlu və məqsədyönlü siyasətin nəticəsində tezliklə azad olunacaq. Siz də əmin olun ki, istər hərbi, istərsə də sülh - istənilən qərarınızda biz həmişə Sizinləyik. Heç bir xəyanətkar, xain, satqın qüvvə Sizə olan inamımızı, etibarımızı və sevgimizi dəyişə bilməz.

Cənab Prezident, Sizin Soçiyə səfəriniz zamanı “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasındakı qətiyyətli çıxışınız və səsləndirdiyiniz “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri hər bir vətənpərvər azərbaycanlı kimi, bizi də qürurlandırdı.

Bu gün cəbhə bölgəsində düşmənlə üz-üzə yerləşən Horadizi Azərbaycanın gülüstanına çevirməyiniz bizi bir daha əmin edir ki, işğal altındakı torpaqlarımız tezliklə azad olunacaq və Sizin rəhbərliyinizlə həmin torpaqlarda da yeni gülüstanlar salınacaqdır.

Biz varisi olduğunuz ulu öndər Heydər Əliyev siyasətinə daim sadiqik və bu siyasətin Azərbaycanı uğurlu sabaha aparacağından tam əminik.

Füzuli rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri adından dərin hörmətlə,

Abbasov Əlizadə Soltan oğlu

Əmirli İlkin Fəxrəddin oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu.