16 avqust 2019, 18:05

Zülfi Məcidov və başqalarından, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz respublikamızın tərəqqisinə, dinamik sosial-iqtisadi inkişafına və əhalinin maddi rifah halının yaxşılaşdırılmasına həmişə yüksək diqqət göstərirsiniz. Biz bunu yaşadığımız Cəlilabad rayonunun, onun kəndlərinin timsalında da aydın görürük.

Rayonumuzun 45 min nəfər əhalisinin yaşadığı 36 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Yardımlı avtomobil yolu bizim üçün böyük əhəmiyyət kəsb edir. Həmin yolun yenidən qurularaq istifadəyə verilməsi əhalini uzun müddətdən bəri narahat edən problemə son qoydu və nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etdi. Rahat yolu və daimi elektrik enerjisi olan kəndlərimizin əhalisi indi firavanlıq içində yaşayır. Bu firavanlıq və rahatlıq Sizin titanik və yorulmaz fəaliyyətinizin nəticəsidir.

Cənab Prezident, göstərdiyiniz bu diqqət və qayğıya görə bir daha Sizə səmimi minnətdarlığımızı bildirir, ətrafınızda sıx birləşdiyimizi, əbədiyaşar ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğumuzu bəyan edirik. Vətənimizin daha da inkişaf etməsi və qüdrətlənməsi naminə çoxşaxəli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyir, uzun ömür, möhkəm cansağlığı arzu edirik.

Şatırlı, Badamağac, Buravar kəndlərinin sakinləri adından dərin hörmətlə,

Məcidov Zülfi İbrahim oğlu

Məmmədov Malik Məlikalı oğlu

Eyvazov Fərruz İzzət oğlu

Ağayev Tofiq Yadulla oğlu və başqaları (cəmi : 17 nəfər).

Azərbaycan Respublikası, Cəlilabad rayonu.