14 avqust 2019, 17:00

Vidadi Əliyevdən, Bakı, Azərbaycan

Hörmətli Prezident.

Siz, ölkəmizə rəhbərlik edən gündən elmə, təhsilə, mədəniyyətə və incəsənətə böyük qayğı göstərirsiniz. Bu qayğını biz incəsənət adamları da çox hiss edirik. 2007-ci ildə uzun illər çalışdığım İrəvan Dövlət Azərbaycan Dram Teatrının yubileyi, daha sonra onun binasının tikilməsi ilə bağlı imzaladığınız sərəncamlar mənim yaradıcılıq yoluma əhəmiyyətli təsir göstərdi.

1978-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən “Əməkdar artist” fəxri adına, 2013-cü ildə Sizin sərəncamınızla “Tərəqqi” medalına layiq görülmüşəm. Bu il isə kino sahəsində xidmətlərimi diqqətə alıb məni “Xalq artisti” fəxri adına layiq gördünüz. 74 illik həyatımda aldığım ən böyük mükafat məni çox sevindirdi.

Mənə bu sevinc hissini bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ölkənin siyasi, iqtisadi, sosial qayğıları içində vaxt tapıb, incəsənətə dəyər verməyiniz Sizin böyüklüyünüzü və əvəzolunmazlığınızı göstərir. Bütün sahələrdə ölkəmizi uğura, zirvəyə doğru aparan bir şəxsiyyət kimi adınızı tarixə yazmısınız. Sizin imzanızla fəxri ad almaq isə xüsusilə qürurvericidir.

Bir daha Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əliyev Vidadi Hüseyn oğlu, Xalq artisti

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.