18 iyun 2019, 15:15

Mailə Soltanovadan, Şamaxı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizin sosial-iqtisadi həyatında atdığınız müdrik addımlar, həyata keçirdiyiniz uğurlu siyasət Sizin ulu öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı olduğunuzun bariz nümunəsidir. Siz vətəndaşların problemləri ilə daim yaxından maraqlanır və onların həlli üçün lazım olan dəstəyi verirsiniz, həm şad, həm də çətin günlərdə xalqın yanında olursunuz.

Bu ilin fevralında Şamaxıda baş verən zəlzələdən sonra rayona gələrək sakinlərlə görüşünüz, bizə maddi və mənəvi dəstək göstərməyiniz Azərbaycan xalqının yanında olduğunuzu bir daha bütün dünyaya sübut etdi.

Zəlzələ zamanı evinə ziyan dəymiş sakinlərdən biri də mənəm. Təbii fəlakətlə əlaqədar Şamaxı rayonuna gəlişiniz zamanı mənim evimdə oldunuz, tam yararsız hala düşmüş evin yenidən tikilməsi üçün göstəriş verdiniz.

Möhtərəm cənab Prezident, evim artıq yenidən tikilib, yaşayış üçün demək olar ki, tam hazır vəziyyətdədir.

Bizə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə şəxsən öz adımdan və övladlarımın adından dərin təşəkkürümüzü bildirir, Allahdan Sizə uzun ömür, cansağlığı diləyir, ali dövlət fəaliyyətinizdə uğurlar arzu edirik.

Dərin hörmətlə,

Soltanova Mailə.

Azərbaycan Respublikası, Şamaxı rayonu.