15 iyun 2019, 12:30

Məcid Hacıyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin qayğınız nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də mütərəqqi dəyişikliklər baş verir, müxtəlif layihələr həyata keçirilir. Bununla yanaşı, səhiyyə işçilərinə olan xüsusi diqqətiniz həkim ordusu tərəfindən hər zaman yüksək qiymətləndirilir.

İyunun 11-də imzaladığınız Sərəncamınızla bir qrup səhiyyə işçisinə fəxri adlar verilib. "Əməkdar həkim" fəxri adı alan həmkarlarım arasında mən də varam. Bu, mənim 50 illik fəaliyyətimə verilən ən yüksək qiymətdir.

Cənab Prezident, verdiyiniz yüksək dəyərə görə şəxsən öz adımdan, eləcə də ailəm adından Sizə təşəkkür bildirirəm. Əminəm ki, Sizin rəhbərliyinizlə ölkəmiz gələcəkdə də böyük qələbələrə imza atacaq və yüksək nailiyyətlər əldə edəcək. Bu mükafat, eyni zamanda, onunla əlamətdardır ki, biz onu 15 iyun – Milli Qurtuluş Günü - ölkəmizin xilası günü ərəfəsində almışıq.

Möhtərəm cənab Prezident, mən o günləri çox yaxşı xatırlayıram. Cəbhə bölgəsinə həkim kimi könüllü səfərlərim zamanı ölkəmizin düşdüyü o ağır durum yaxşı yadımdadır. Tam əminliklə deyə bilərəm ki, ulu öndər Heydər Əliyev o zaman xalqın istəyi ilə hakimiyyətə gəlməsəydi, indi nə biz var idik, nə də ki, vətənimiz Azərbaycan.

Möhtərəm cənab Prezident, mənə verdiyiniz yüksək fəxri ada görə bir daha Sizə dərin təşəkkürümü bildirir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və böyük qələbələr arzu edirəm.

Səmimiyyətlə,

Hacıyev Məcid Mahmud oğlu, Əməkdar həkim.

Azərbaycan Respublikası, Bakı şəhəri.