14 iyun 2019, 12:40

Bəxtiyar Zamanovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Vaxtilə ulu öndərimiz Heydər Əliyev demişdi ki, məcburi köçkünlərin problemi bizim üçün bir nömrəli problemdir. Buna görə Ulu Öndərin daimi diqqət və qayğısını hər bir məcburi köçkün hiss edirdi. Ulu Öndərin layiqli davamçısı kimi Siz də bu ənənəyə sadiq qalaraq bizim problemlərimizin həlli üçün çalışırsınız. Prezidentliyiniz dövründə qaçqın və məcburi köçkünlər üçün hər bir infrastrukturla təmin olunmuş yeni qəsəbələrin salınması bunun bariz nümunəsidir. Köçkünlərin bir çoxunun həmin qəsəbələrdə işlə təmin olunması da təqdirəlayiqdir.

Hörmətli cənab Prezident, Ulu Öndərin, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısından hamı kimi, biz Kəlbəcər rayonundan olan məcburi köçkünlər də yararlanmışıq və bu qayğını daim hiss edirik.

Biz - 90-dan çox məcburi köçkün ailəsi 1996-cı ildən bəri Bakı şəhərinin Sabunçu rayonunun Zabrat qəsəbəsindəki qəzalı yarımtikililərdə ağır şəraitdə məskunlaşmışdıq və çox əziyyət çəkirdik. Bu yaxınlarda isə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində salınmış 810 ailəlik yeni yaşayış massivinə köçürüldük. Siz bununla bizi böyük bir təhlükədən, ağır və dözülməz mənzil-məişət şəraitindən xilas etdiniz.

Əziz Prezidentimiz, göstərdiyiniz bu diqqət və qayğıya görə hər bir kəlbəcərli adından və öz ailəm adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm. Sizin ətrafınızda sıx birləşməyi özümüzə mənəvi borc bilirik. Sizi hər zaman dəstəkləmişik və daim dəstəkləyəcəyik.

İnşallah, Sizin sayənizdə Kəlbəcərə qayıtmaq arzusu ilə,

Zamanov Bəxtiyar Nuru oğlu, məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi.