14 iyun 2019, 12:25

Zakir Nuriyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Xarici şokların mənfi effektinin ölkənin maliyyə-bank sisteminə sirayət etməsi nəticəsində artmış və onun tam potensialı ilə inkişafını ləngidən problemli kreditlər yükünü aradan qaldıran, öz sosial-iqtisadi təsirinə və əhatə dairəsinə görə dünya təcrübəsində təkrarı olmayan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla ölkənin bank sisteminə yeni nəfəs verilmiş, onun fəaliyyətində yeni parlaq səhifə açılmışdır.

Həyata keçirilən genişmiqyaslı və fundamental islahatlar nəticəsində ölkə iqtisadiyyatının müasir dövrün tələblərinə uyğun transformasiyası, yeni çağırışlara cavab verərək inkişaf trayektoriyasına yenidən qayıtması ilə reallığa çevrilməsi mümkün olmuş bu mühüm sənəd ölkə əhalisinin keçən dövr ərzində maliyyə-bank sisteminə sarsılmış inamının və etibarının bərpasına əvəzedilməz töhfə vermişdir.

Fərman bankların, ümumilikdə maliyyə-bank sektorunun sağlamlaşdırılması, onların iqtisadiyyatın maliyyələşdirilməsi və gücləndirilməsində, qeyri-neft iqtisadiyyatının payının artırılmasında daha yaxından və tam gücü ilə iştirakına təkan vermişdir.

Fərmanın sosial-iqtisadi dərinliyini və miqyasını nəzərə aldıqda qısa vaxt ərzində onun effektiv icrasının təmin edilməsi ölkənin maliyyə-bank sisteminin yüksək koordinasiyalı təkmil quruluşa malik olmasının və infrastrukturunun genişliyinin göstəricisidir.

Bundan sonrakı mərhələdə qarşımızda duran əsas vəzifələrin icrası, maliyyə-bank sisteminin dayanıqlı və innovativ inkişafının davam etdirilməsi, maliyyə əlçatanlığının gücləndirilməsi, iqtisadi inkişafın effektiv maliyyələşdirilməsi və Azərbaycanın regionun maliyyə mərkəzinə çevrilməsi istiqamətində üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə hazır olduğumuzu bildirməklə, göstərdiyiniz dəstəyə görə bütün bank ictimaiyyəti adından Sizə bir daha dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Nuriyev Zakir, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.