11 iyun 2019, 16:50

Qeyrət Balaşzadədən, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanımızın memarı və qurucusu olması danılmaz bir həqiqətdir. Bu gün Sizin həyata keçirdiyiniz hərtərəfli siyasət, ölkəmizin sosial-iqtisadi həyatında atdığınız müdrik addımlar ulu öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli məzunu, etibarlı davamçısı olduğunuzun bariz nümunəsidir.

Siz vətəndaşların müraciətlərinə həssaslıqla yanaşırsınız. Çıxışlarınızda qeyd edirsiniz ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz vətəndaşlar bunu hiss edir və görürük. Son vaxtlar minimum əməkhaqqının və təqaüdlərin məbləğinin artırılması, problemli kreditlərin həlli, yeni iş yerlərinin yaradılması bunun əyani göstəriciləridir. Mənim atam və qardaşım da bu yaxınlarda işlə təmin edilib.

Ölkəmizdə həyata keçirilən böyük tikinti və quruculuq işləri təkcə paytaxtda deyil, ən ucqar bölgələrdə də davam etdirilir. Bu da Sizin təsdiq etdiyiniz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının strateji əhəmiyyətinin göstəricisidir.

Uzun müddət idi ki, Masallı rayonunun Digah-Təzə Alvadı-Yeni Zuvand yolunun təmirinə böyük ehtiyac yaranmışdı. Kəndlərdə yaşayan ahıllar, məktəbli uşaqlar, başqa bölgələrdən gələn qonaqlarımız bu yola görə çətinlik çəkirdilər. Sizin Sərəncamınıza əsasən yolun yenidən qurulmasına başlanılıb. Hazırda müasir tələblərə cavab verən geniş yol tikilir.

Cənab Prezident, mən bir gənc müəllim olaraq bu kəndlərdə yaşayan çoxsaylı vətəndaşlar adından Sizə kənd yollarının yenidən qurulmasına göstərdiyiniz yüksək diqqət və qayğıya görə səmimi minnətdarlığımızı bildirirəm. Siz xalqa sevinc bəxş edən Prezidentsiniz. Xalqın sevgisi Sizinlədir. Allah Sizi qorusun.

Dərin hörmət və ehtiramla,

Balaşzadə Qeyrət Balaş oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Banbaşı kəndi.