11 iyun 2019, 10:35

Əhməd Əhmədov və başqalarından, Tərtər, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Aqrar məsələlərə ayırdığınız diqqət sayəsində son illər bu sahə inkişaf etməkdədir. Ölkəmizdə kənd təsərrüfatının bir çox sahələri yenidən dirçəldilir, məhsul istehsalı ildən-ilə artır. Kənd təsərrüfatçılarını ən çox narahat edən suvarma probleminin həlli bol məhsul əldə olunmasına əvəzsiz töhfədir. Sizin sərəncamlarınızla son illərdə kəndlərdə yüzlərlə subartezian quyuları qazılmışdır. Bu il Tərtər rayonunda 13 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Bu quyulardan biri də bizim Bala Kəngərli kəndində qazılmışdır. Kəndlilər indi daha həvəslidirlər və bu amil sözsüz ki, bol məhsul əldə edəcəyimizə gətirib çıxaracaqdır.

Əziz Prezidentimiz, kəndimizin sakinləri adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı diləyirik. Cəbhə bölgəsində yaşayan tərtərlilər həmişə Sizə güvənir və Sizi dəstəkləyirlər.

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Əhmədov Əhməd,

Məmmədov Nizami,

Əhmədov Hafiz.

Azərbaycan Respublikası, Tərtər rayonu, Bala Kəngərli kəndi.