Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodunun açılışında İlham Əliyevin nitqi

16 may 2019, 15:40

Bu gün Pirallahı rayonunda çox əlamətdar hadisəni qeyd edirik. Burada istehsal ediləcək şprislər bizim səhiyyə sistemində istifadə olunacaq və beləliklə, Azərbaycan bu sahədə də idxaldan asılılığı aradan götürmüş olacaq.

Hər bir yeni müəssisənin açılışı məni sevindirir. Çünki hər bir müəssisənin açılışı yeni iş yerləri deməkdir. Mənə verilən məlumata görə, burada ilkin mərhələdə 30, sonra isə 150 yeni iş yeri yaradılacaq. Beləliklə, burada işsizliklə bağlı problemlər öz həllini tapacaq.

Bütövlükdə Pirallahı rayonunda işsizliklə problem demək olar ki, yoxdur. Son illərdə Pirallahı rayonunda çox böyük quruculuq-abadlıq işləri aparılıb, rayonun, adanın siması gözəlləşib, çox böyük inkişaf var, yaşayış binalarının təmiri, yeni ictimai zonaların, iş yerlərinin yaradılması, yeni körpünün salınması, yəni, bütün bunlar rayonun gələcək inkişafına qoyulan sərmayədir və rayona göstərilən diqqətdir.

Bu zavodda bizim siyasətimiz öz əksini tapır. Çünki idxaldan asılılığı azaltmaq bizim üçün əsas məsələlərdən biridir. Bu günə qədər biz şprisləri xaricdən alırdıq, indi isə buna ehtiyac qalmır, əksinə, verilən məlumata görə, artıq xaricdən sifarişlər də alınır. Beləliklə, həm daxili tələbat tam ödəniləcək, həm də biz öz yeni məhsulumuzu xaricə ixrac etmiş olacağıq. Bu, sənayemizin inkişafına verilən töhfədir. Ölkəmizdə sənaye istehsalı artır. Görülən işlər nəticəsində bu ilin dörd ayında qeyri-neft sektorunda 15 faizdən çox artım olub. Həm sənaye potensialımızı gücləndirən böyük müəssisələr fəaliyyətə başlayır, həm də kiçik və orta müəssisələr işə düşür. Ölkəmizdə çox gözəl biznes mühiti, sərmayə iqlimi var. Belə olmasaydı, xarici şirkətlər, yerli şirkətlər vəsait qoymazdılar. Beləliklə, biz biznes mühitinin yaxşılaşması nəticəsində yeni reallıqları görürük və əminəm ki, dinamik inkişafımız bundan sonra da təmin ediləcək.

İqtisadi və sosial sahədə aparılan islahatlar nəticə verir. Biz Dünya Bankının biznes mühitinə dair hesabatına görə, bu gün dünyada 25-ci yerdəyik. Mən bunu dəfələrlə qeyd edirəm ictimaiyyət bilsin ki, nə qədər böyük islahatlar aparılıb və aparılacaq. Bu, imkan verir ki, biz sosial sahəni də gücləndirək, işsizliyi aradan qaldıraq, yerli istehsalı artıraq və beləliklə, vətəndaşların sosial təminatını gücləndirək. Bu il atılan addımlar, imzalanmış sərəncamlar, qəbul edilmiş qərarlar bizim siyasətimizi əks etdirir. Biz sosialyönümlü siyasət aparırıq və bu siyasət öz nəticəsini verir.

Əlbəttə, gələcəkdə hələ çox işlər görüləcək. Regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı artıq icra edilməyə başlamışdır. Əminəm ki, bu il nəzərdə tutulan bütün vəzifələr icra ediləcək. Dinamik inkişafa nail olmaq üçün qeyri-neft sektorunun xüsusi rolu var. Biz bu məsələ ilə çox ciddi məşğuluq və nəticələr də göz qabağındadır. Biz bir neçə il bundan əvvəl bu zavodun yaradılmasını bəlkə də təsəvvür edə bilməzdik, xüsusilə Pirallahı rayonunda. Burada ümumiyyətlə qeyri-neft sektoru ilə bağlı işlər demək olar ki, yavaş gedirdi. Ancaq bu gün bu zavod reallıqdır. Bu, Pirallahı Sənaye Parkında birinci zavoddur. Çünki burada bir neçə müəssisə yaradılacaq. Hazırda tikilməkdə olan böyük dərman preparatları zavodunun fəaliyyətə başlaması nəticəsində daha çox iş yerləri açılacaq və biz dərman preparatlarının idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik. Digər zavodların fəaliyyətə başlaması nəzərdə tutulur. O cümlədən sosial məsələlər öz həllini tapır. Məcburi köçkünlər üçün yeni evlər tikilir və burada 300 köçkün ailəsi evlə təmin olunacaq, məktəb tikilir. Yəni, bu gün bu zavodun timsalında görülmüş işlərin gözəl nəticələrini görürük, siyasətimizin uğurlu nəticələrini görürük və bu, bizi gələcəkdə yeni addımların atılmasına sövq etməlidir. Biz düzgün yolla inkişaf edirik və dinamik inkişaf bundan sonra da mütləq gedəcək.

İslahatlarla bağlı bizim siyasətimiz bu gün burada bir daha özünü göstərir. Əminəm ki, növbəti dövrdə həm sənaye, həm kənd təsərrüfatı, həm də infrastruktur sahələrində daha geniş miqyasda əlavə nəticələr olacaqdır.

Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, zavodun əməkdaşlarına uğurlar arzulayıram. Sağ olun.

SƏNƏDLƏRFərmanlar17 oktyabr 2019
17:25
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında” 2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanında, 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ndə, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin və “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli fərmanlarında, 2018-ci il 31 iyul tarixli 223 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi”ndə və 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il ...

17 oktyabr 2019, 17:25
SƏNƏDLƏRSərəncamlar17 oktyabr 2019
16:55
Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının...

17 oktyabr 2019, 16:55