22 may 2019, 15:30

Həsən Günəşlidən, Quba, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və onun rifahı üçün əlinizdən gələni edirsiniz. Fevral ayında Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş verən zəlzələdən dərhal sonra bu bölgəyə gəlişiniz, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı verdiyiniz tapşırıqların uğurlu icrası Sizin daim xalqın yanında olduğunuzu göstərir. Xalqın Sizə, Sizin də xalqa güvənməniz - xalq-iqtidar birliyi ölkəmizi daha da gücləndirir.

Cənab Prezident, Siz Azərbaycanın hər bir bölgəsindən qayğınızı əsirgəmirsiniz. 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamınız Qubanın, həmin yaşayış məntəqələrinin, xüsusən Qonaqkəndin sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Artıq yaxın günlərdə Qonaqkənd yolu hazır olacaq. Həmin yol gələcəkdə müalicəvi sanatoriyaların, yaraşıqlı turizm bazalarının tikilməsinə zəmin yaradacaq. Sevincimizi sözlə ifadə etmək çox çətindir.

Siz Azərbaycanı Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirmisiniz. Özünü azərbaycanlı sayan və mənsubiyyəti ilə qürur duyan hər kəsi Ulu Öndərimizin arzularını, ideyalarını həyata keçirməyə səfərbər etmisiniz.

Əziz Prezident, xalqımız Sizi sevir, insanlarımız ölkədəki sabitliyə, yüksək inkişafa görə Sizə və ailənizə, Mehriban xanıma minnətdardır.

Allah Sizi qorusun!

Hörmətlə,

Günəşli Həsən,

85 yaşlı ağsaqqal

Azərbaycan Respublikası, Quba rayonu.