19 aprel 2019, 17:55

Dilarə Əzizova və başqalarından, Qax, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycanın iqtisadi qüdrətinin yüksəldilməsi, bölgələrimizin daha da inkişaf etdirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bərabər, mədəniyyət sahəsinin çiçəklənməsi istiqamətində son aylar ərzində onlarla fərman və sərəncamlar imzalamısınız. Bu il martın 1-də tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşünüz biz mədəniyyət işçilərinin xatirəsində dərin iz buraxıb. Bu gün bu görüşü iftixar hissi ilə xatırlayırıq. Mədəniyyət sahəsi ilə bağlı imzaladığınız sərəncamlara aprelin 17-də biri də əlavə olundu. "Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamda rayonumuzun iki teatrının - Qax Dövlət Kukla Teatrının və Qax rayonundakı Gürcü Dövlət Dram Teatrının da adının olduğunu gördükdə qürur hissi keçirdik.

Bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrini və rayonumuzun teatrlarını diqqətdə saxladığınız üçün Qax rayonunun mədəniyyət işçiləri adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun.

Dərin hörmətlə,

Əzizova Dilarə Hidayət qızı

Məcidova Kəmalə İbrahimxəlil qızı

Əhmədova Güllü Qədir qızı

İmamova Xatirə Nadir qızı

Həşimov Feyzullah İlyas oğlu.

Azərbaycan Respublikası, Qax rayonu.