Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətinə

28 mart 2019, 19:15

Hörmətli Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin əməkdaşları və veteranları!

Sizi Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat qurumu kimi fəaliyyətə başlamış xüsusi xidmət orqanlarımız mürəkkəb inkişaf yolu keçmişlər.

Sovet İttifaqı dövründə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin təhlükəsizlik orqanlarının xalqımızın maraqlarına xidmət göstərməsini təmin etmiş və peşəkar milli kadrların yetişməsinə əvəzsiz töhfə vermişdir.

1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan çox ciddi təhlükələrlə – ilk növbədə, Ermənistanın təcavüzü ilə, habelə terrorçuluq, separatçılıq, dərin siyasi və sosial-iqtisadi böhranla üzləşmişdir. Dövlətçiliyimizin təhlükə altında olduğu belə bir vəziyyətdə Azərbaycan xalqı müdrik qərar qəbul edərək, ölkəyə rəhbərliyi ümummilli lider Heydər Əliyevə etibar etdi.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev ölkəmizi parçalanmaq və müstəqilliyini yenidən itirmək təhlükəsindən qurtardı, ictimai-siyasi sabitliyi təmin etdi. Məhz Ümummilli Liderin səyləri nəticəsində zəngin dövlətçilik ənənələrimiz bərpa olundu, dünyəvi, demokratik və hüquqi dövlətin təməli qoyuldu, ölkəmiz dünya arenasında bərabərhüquqlu etibarlı tərəfdaş kimi tanındı.

Bu dövrdə Ulu Öndər Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsinin başlıca istiqamətlərini müəyyən etdi, dövləti xarici və daxili təhdidlərdən qorumağa qadir olan xüsusi xidmət orqanları sistemini formalaşdırdı.

Xüsusi xidmət orqanlarının müasir dövrün çağırışlarına uyğun inkişafını təmin etmək və fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə 2015-ci ildə mühüm islahatlar aparılmış, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradılmışdır. Xidmətlər yüksək peşəkarlığı ilə seçilən kadrlarla komplektləşdirilmiş, müasir informasiya texnologiyaları ilə təchiz edilmiş, onların maddi-texniki bazası və əməkdaşlarının sosial müdafiəsi gücləndirilmişdir.

Bu gün xüsusi xidmət orqanları Azərbaycanın milli maraqlarının təmin olunması, konstitusiya quruluşunun qorunması, dövlət qərarlarının informasiya təminatının həyata keçirilməsi, habelə terrorçuluğa, separatçılığa, dini ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə uğurla fəaliyyət göstərirlər.

Dünyada və regionda gedən proseslərin sülh və təhlükəsizlik üçün yaratdığı təhdidlər beynəlxalq əməkdaşlığın əhəmiyyətini daha da artırır. Xüsusi xidmət orqanlarımız bir çox xarici dövlətlərin tərəfdaş qurumları ilə strateji xarakter daşıyan əlaqələr qurmuşdur və bu səmərəli əməkdaşlıq nəticəsində regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə dəyərli töhfə verirlər. Biz bu tərəfdaşlığı yüksək qiymətləndiririk və onun daha da dərinləşməsində maraqlıyıq.

Əminəm ki, xüsusi xidmət orqanlarımız qarşıya qoyulmuş vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək, bu orqanların hər bir əməkdaşı ölkəmizin milli təhlükəsizliyinin təmin edilməsi yolunda qətiyyət və əzm nümayiş etdirəcəkdir.

100 illik yubileyiniz münasibətilə sizi bir daha ürəkdən təbrik edir, Azərbaycanın təhlükəsizliyinin etibarlı təmin olunması naminə şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 mart 2019-cu il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10