19 mart 2019, 14:40

Müşfiq Hətəmovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu günlərdə Sizin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşünüz, on minlərlə insanın çalışdığı mədəniyyət sahəsinin qayğıları ilə maraqlanmağınız, problemlər haqqında təklifləri dinləməyiniz kino işçiləri, o cümlədən “Azərbaycanfilm” kinostudiyasının kollektivi tərəfindən böyük rəğbətlə qarşılandı.

Elə həmin gün “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığınız Sərəncamda yeni filmlərin istehsalı, gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihənin həyata keçirilməsi məqsədilə vəsait ayrılması haqqında tapşırıqlarınız bir daha sübut etdi ki, Azərbaycan kinosuna ciddi dövlət dəstəyi var və bu dəstək sayəsində kinomuz yeni uğurlara imza atacaqdır.

Ölkəmizin qocaman mədəniyyət müəssisəsi olan “Azərbaycanfilm” kinostudiyasının kollektivi milli kinomuzun müasir inkişaf mərhələsində xalqımızın həyatında yenilənmiş rolunun və yerinin düzgün müəyyənləşdiriləcəyinə əmindir.

Hər zaman göstərdiyiniz qayğıya görə bir daha Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və Vətənimizin inkişafı yolunda ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.

“Azərbaycanfilm” kinostudiyasının kollektivi adından dərin hörmət və ehtiramla,

Hətəmov Müşfiq.

Azərbaycan Respublikası, Bakı şəhəri.