19 mart 2019, 12:45

Tərlan Aslanovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ulu öndər Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı kimi Siz problemlərin həllinə həmişə diqqət göstərirsiniz. Ümummilli Liderimizin və Sizin rəhbərliyiniz dövründə dəfələrlə əfv sərəncamları imzalanmışdır. 2019-cu il 16 mart tarixli Sərəncam da bunlardan biridir. Həmin əfv Sərəncamı ilə azadlığa qovuşan şəxslərdən biri də övladım Aslanov Seymur Tərlan oğludur. Siz humanist siyasətinizlə təkcə bizim ailəyə deyil, yüzlərlə məhbus ailəsinə, onların timsalında on minlərlə vətəndaşımıza, bütövlükdə Azərbaycan xalqına sözlə ifadə edilməyəcək sevinc bəxş etdiniz. Sizin bu sərəncamınız misilsiz əhəmiyyətə malikdir və növbəti humanist addımlarınızdan biri hesab olunur. Siz insansevərlik hissindən irəli gələn əfv sərəncamı ilə hər bir vətəndaşımızın həyat qarantı olduğunuzu bir daha göstərdiniz. Böyük humanizm nümayiş etdirərək, minlərlə məhbusu zaman-zaman əfv edərək yenidən ailələrinə, cəmiyyətə qazandırırsınız. Buna görə də Sizə sonsuz minnətdarlığımı bildirir, dövlətimizin inkişafı və rifahı naminə atdığınız hər bir addımda tərəddüdsüz dəstəkçiniz, təbliğatçınız olacağıma söz verirəm.

Möhtərəm Prezident, bir daha həm öz adımdan, həm də ailəmiz adından Sizə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Uca Yaradan hər zaman çətin və şərəfli missiyanızı uğurla həyata keçirməkdə Sizə yardımçı olsun!

Hörmətlə,

Aslanov Tərlan Ağa oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi.