18 mart 2019, 18:05

Əliqismət Lalayevdən, Bakı, Azərbaycan

Əziz və hörmətli Mehriban xanım.

Möhtərəm Prezidentimiz, Zati-aliləri cənab İlham Əliyevin 2019-cu il martın 5-də “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” imzaladığınız Sərəncam bizə - Azərbaycan Dövlət Musiqili Teatrının kollektivinə böyük etimadın göstəricisidir. Bizə bu sevinci və xoşbəxtliyi bəxş etdiyinizə görə cənab Prezidentimizə və bu işdə böyük zəhməti olan Sizə dərin minnətdarlığımızı bildiririk.

Biz sənətimizə və teatrımıza verilən bu yüksək qiyməti gördükcə qəlbən fərəhlənir, belə bir ölkənin vətəndaşları olduğumuz üçün qürur hissi keçiririk. Azərbaycan Dövlət Musiqili Teatrına göstərilən diqqət, qayğı teatr sənətinə və bu sənətin fədailərinə bəslənən hörmətdən irəli gəlir.

Yüksək diqqət və qayğıya görə Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi adından cənab Prezidentimizə və Sizə bir daha sonsuz təşəkkürümüzü yetirir, Azərbaycanımızın parlaq gələcəyi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq. Allah Sizi və ailənizi pənahında saxlasın.

Qarşıdan xalqımızın əziz bayramı Novruz gəlir. Bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və səadət arzulayıram.

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi adından dərin hörmətlə,

Əliqismət Lalayev, direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.