Şəfiqə Məmmədovadan, Bakı, Azərbaycan
15 mart 2019, 15:00
Möhtərəm cənab Prezident,
Sizin rəhbərliyinizlə həyata keçirilən sosial siyasət xalqımız tərəfindən həmişə böyük məmnunluqla qarşılanır. Son vaxtlar bu istiqamətdə imzaladığınız sərəncamlar, fərmanlar, həyata keçirdiyiniz davamlı tədbirlər xalqımızın sosial rifah halının gündən-günə yaxşılaşmasını təmin etmişdir. Sizin mədəniyyətə, təhsilə, səhiyyəyə göstərdiyiniz qayğı və diqqət ilbəil artmaqdır. Böyük səyiniz nəticəsində uğurlar qazanan Azərbaycan mədəniyyəti bu gün həqiqətən dünyanı fəth edir.
Şərəfli inkişaf yolu keçmiş Azərbaycan kinosunda Sizin qayğınız nəticəsində son illər mühüm nailiyyətlər qazanılmışdır. Sərəncamınızla ötən il milli kino sənətimizin yaranmasının 120 illik yubileyini təntənə ilə qeyd etdik. Biz fəxr edirik ki, bu gün ulu öndər Heydər Əliyevin milli kino sənətimizin inkişafı ilə bağlı başladığı islahatları Siz uğurla davam etdirirsiniz. Hər il ölkəmizdə Milli Kino Günü təntənə ilə qeyd olunur.
Çox hörmətli cənab Prezident, kinematoqrafçılar Sizin siyasi kursunuzu həmişə dəstəkləmiş, bu gün də onlar Sizinlə bir yerdədirlər. Kinematoqrafçıların sosial vəziyyətinin yaxşılaşdırılması həmişə Sizin diqqət mərkəzinizdə olub, sərəncamlarınızla onlara fəxri adlar, Prezident təqaüdü, mənzillər verilib.
Biz kinematoqrafçılar hələ də Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir qrup mədəniyyət işçisi ilə görüşünün təəssüratları ilə yaşayırıq. Mənə də bu görüşdə danışmaq üçün söz verdiyinizə görə Sizə minnətdaram. Çox səmərəli bir görüş oldu. Bizi səbirlə dinlədiniz, problemlərimizin həllinə yerindəcə göstəriş verdiniz.
Martın 13-də “Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” yeni Sərəncam imzaladınız. Bu Sərəncamla bizim Kinematoqrafçılar İttifaqına da vəsait ayırdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Möhtərəm cənab Prezident, ölkəmizdə kino sənətinin inkişafına belə yüksək diqqət və qayğı göstərdiyinizə görə bütün kinematoqrafçılar adından Sizə bir daha dərin minnətdarlığımızı çatdırır, Azərbaycanımızın müstəqilliyinin əbədiləşdirilməsi yolunda Sizə böyük uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Məmmədova Şəfiqə,
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri