Ağəli İbrahimovdan, Bakı, Azərbaycan
15 mart 2019, 11:45
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan islahatların əsas məqsədi Azərbaycanı müasir və inkişaf etmiş ölkəyə çevirməkdir. Sizin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycan xalqının rifahı naminə gördüyünüz xeyirxah işlər bütün ölkə əhalisi tərəfindən yüksək qiymətləndirildiyi kimi, biz məcburi köçkünlər tərəfindən də tam olaraq dəstəklənir.
Yeni tikilmiş qəsəbələrdə məcburi köçkünlərin mənzillərlə təmin edilməsi işinin sürətləndirilməsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması hamımızın ürəyincədir. Təkcə ötən il ərzində 5900 məcburi köçkün ailəsinin yeni mənzillərlə təmin edilməsi olduqca ürəkaçandır.
Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 2019-cu il aprelin 1-dən 50 faiz artırılması barədə Sərəncamınız bizə göstərilən qayğının növbəti nümunəsi kimi hamımızın sevincinə səbəb oldu.
Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, ölkəmizin inkişafı naminə gördüyünüz bütün işlərdə, eyni zamanda, torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində apardığınız yorulmaz mübarizədə uğurlar arzulayırıq. İnanırıq ki, Sizin möhkəm iradənizlə biz məcburi köçkünlərin öz yurd-yuvalarına dönəcəyi gün lap yaxındadır.
Hörmətlə,
İbrahimov Ağəli İbiş oğlu,
Laçın rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.